COP29

"Bacarmadı" adını qoyub, istefaya göndərilən məşqçidən NÖVBƏTİ…

17 İyun 16:30 Azərbaycan Futbolu 1 721
"Bacarmadı" adını qoyub, istefaya göndərilən məşqçidən NÖVBƏTİ…

"Cəbrayıl" növbəti mövsüm Birinci Liqada çıxış edəcək.

İkinci Liqanı gümüş medallarla tamamlayan komanda pley-off mərhələsində əldə etdiyi uğurlu nəticə ilə buna nail oldu.

Cavid Hüseynovun komandası Birinci Liqanı başa çatan mövsüm sonuncu pillədə bitirən "Araz Saatlı"nı hər iki oyunda da məğlub etməyi bacardı - 2:0, 1:3.

Əslində İkinci Liqada "Cəbrayıl"dan daha təcrübəli, büdcəsi daha geniş və güclü kollektivlər vardı.

Yəni bu komandanın şansları o qədər yüksək qiymətləndirilmirdi.

Amma Cəbrayıl təmsilçisi qısa müddətdə formalaşan kollektivlə sonda məqsədinə çata bildi.

Çempion olmaq mümkün olmadı, amma ələ düşən ikinci fürsət maksimum dəyərləndirildi.

Təbii ki, uğurda bütün komanda üzvlərinin əməyi var.

Amma bir şəxsi xüsusi qeyd etməmək olmaz.

Söhbət baş məşqçi Cavid Hüseynovdan gedir.

Ötən mövsüm Premyer Liqada çalışan, "Şamaxı"da gördüyü işlərlə özü haqqında yaxşı məşqçi imici formalaşdırmağı bacaran çalışdırıcı bir andaca İkinci Liqa klubunun yolunu tutdu. Etiraf edək ki, buna əksər məşqçilər getməzdi.

O, ən pis halda Birinci Liqada iddialı kollektivlərindən birinin başına keçə bilərdi.

36 yaşlı mütəxəssis sezon boyu komandasının təkcə baş məşqçisi yox, həm də bütün təşkilati işlərini aparan əsas fiqur oldu. Bunda onun əslən Cəbrayıldan olması da az rol oynamırdı.

Düzdü, qışa kimi Səbuhi Səfiyarlı kluba az xidmət göstərmədi. Təcrübəli funksionerin olması məşqçinin də işini bir xeyli asanlaşdırmış olurdu.

Amma mövsümün ikinci yarısı onun "Qəbələ"də təyinat alması, "Cəbrayıl"da işləri bir xeyli çətinləşdirmiş oldu.

Lakin bütün problemlərə rəğmən sonda Hüseynov istəyinə çatmağı bacardı.

Gənc mütəxəssis bununla da növbəti dəfə öz məşqçi bacarığını ortaya qoymuş oldu.

Əslində ötən mövsümün sonu onun "Şamaxı"dan göndərilməsi səhv addım idi. Bunu həmin dönəm də yazılarımda qeyd etmişdim. Zaman da əyani təsdiqlədi.

Gənc mütəxəssis legionersiz və əksəriyyəti də ilk dəfə Premyer Liqada oyuna çıxan gənclərdən formalaşmış kollektivlə həm baxımılı futbol oynatmağı, həm də son tura kimi elitada qalmaq uğurunda mübarizə aparmağı bacarmışdı.

Qısası, ortaya minimum imkanlarla maksimum işi qoya bilmişdi.

"Şamaxı" rəhbərliyi gözlənilmədən onunla yolları ayırdı, boşalan postu isə onun köməkçisi Vüqar Əsgərliyə tapşırdı.

Və cəmi 9 matçdan sonra yanlış qərar verdiyini anlayan rəhbərlik bu dəfə Əsgərlini istefaya yolladı.

Kim bilir, bəlkə Cavid Hüseynov da qalsa, ikinci mövsümündə "Şamaxı"da uğurlu ola bilməyəcəkdi.

Amma onun başçılığı altıda "Cəbrayıl"ın ilk mövsümdə Region Liqasını qazanması, ötən mövsüm ancaq yerlilərdən qurulmuş "Şamaxı" ilə ortaya bir sistem çıxarması, bu il isə "Cəbrayıl"la növbəti dəfə uğur əldə etməsi Hüseynovun məşqçi kimi bacarıqlı olmasından xəbər verir. Deməli, güvənmək mütləq idi.

Ümid edək ki, o, növbəti mövsüm Birinci Liqada da öz bacarığını ortaya qoyub, uzun illər sonra doğma rayonunun komandasını elitaya daşıya biləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti