AFFA-nın texniki direktoru Edmond Oskar Klaus uşaq futboluna yeniliklər gətirib. Niderlandlının verdiyi qərarlar isə birmənalı qarşılanmayıb. Hətta ciddi narazılıq yaradıb.
Belə ki, yeni mövsümdə aşağı yaş qrupları üzrə liqaların hansı formatda keçiriləcəyi məlum olub.
Müvafiq reqlamentdə yaş qrupları üzrə oyun formatları, əsas və ehtiyat oyunçuların sayı, həmçinin əvəzetmələrlə bağlı qaydalar müəyyənləşdirilib.
Yeni qaydalar məşqçilər arasında narazılığa səbəb olub. Xüsusilə U-14 liqasında tətbiq ediləcək format müzakirələrə yol açıb.
Belə ki, U-14 komandaları meydanda 9 əsas heyət oyunçusu ilə mübarizə aparacaq. Oyunçu sayının 11-dən 9-a endirilməsinə baxmayaraq, meydanın ölçüsü dəyişdirilməyib və komandalar 105x65 metr ölçülü meydanda oynayacaqlar. Həmçinin bu yaş qrupunda əvəzlənən futbolçunun yenidən meydana daxil olmasına icazə veriləcək.
Yeni mövsümdə yaş qrupları üzrə oyun formatları belə olacaq:
- U-8 liqa: 4x4 – 4 əsas, 6 ehtiyat oyunçu
- U-9 liqa: 6x6 – 6 əsas, 6 ehtiyat oyunçu
- U-10 liqa: 7x7 – 7 əsas, 7 ehtiyat oyunçu
- U-11 liqa: 7x7 – 7 əsas, 7 ehtiyat oyunçu
- U-12 liqa: 7x7 – 7 əsas, 8 ehtiyat oyunçu
- U-13 liqa: 7x7 – 7 əsas, 8 ehtiyat oyunçu. Əvəzlənən oyunçu yenidən meydana daxil ola bilər.
- U-14 liqa: 9x9 – 9 əsas, 9 ehtiyat oyunçu. Əvəzlənən oyunçu yenidən meydana daxil ola bilər.
Xüsusilə U-14-də 9x9 formatının 105x65 metrlik meydanda keçirilməsi əvəzlənın oyunçulara yenidən meydana daxil olmaq imkanının verilməsi məşqçilərin əsas narazılıq mövzusuna çevrilib.
XANOĞLAN/ SPORTİNFO.AZ
