AFFA prezidenti Rövnəq Abdullayevin futbol fəaliyyəti ilə əlaqəli növbəti fakt məlum olub.
Redaksiyamızın əldə etdiyi məlumata görə, federasiya rəhbəri bu mövsümdən Premyer Liqaya qayıdan «Araz-Naxçıvan»ın himayədarları sırasındadır.
O, bunu AFFA-nın başçısı olaraq eləmir. Muxtar Respublika təmsilçisinə şəxsi büdcəsindən vəsait ayırır. Və bunu bir naxçıvanlı olaraq edir.
Aldığımız informasiyaya görə, 8 ildən sonra Premyer Liqaya dönən klubun dəstəkçiləri arasında bu bölgədən olan bir qrup iş adamı və vəzifəli şəxs var.
Abdullayev də uzun illər SOCAR-ın prezidenti postunu tutmuş bir persona kimi himayədarlar qrupunda yer alıb.
Onun aybaay «Araz-Naxçıvan»ın büdcəsinə bəlli bir məbləğ köçürdüyü, həmçinin komandaya mükafat ayırdığı bildirilir.
SPORTİNFO.AZ