Azərbaycanlı məşqçilərin “Don Ki Xot”u - Kimsəsiz, yalqız...

1 Aprel 19:00 Araz-Naxçıvan 1 494
Azərbaycanlı məşqçilərin “Don Ki Xot”u - Kimsəsiz, yalqız...

Adam arxasız olanda, onu gələn də vurar, gedən də. «Araz-Naxçıvan» bu gün o kimsəsizdir, yalqızdır.

Azər Bağırovun halına acımamaq olmur. Mövsümün əvvəlindəki «Araz-Naxçıvan» hara, hazırkı «Araz-Naxçıvan» hara!

Oyun etibarı ilə komandanın oyununda ciddi eniş yoxdur. Bunu iddia edənlərin futboldan anlayışına nə deyim.

Problem klubun maddi dayaqlarının zəifləməsində və ətraf aləmin ona dəyişən münasibətindədir.

Hakimlər «Araz»ı hər addımbaşı incidir. Klubdan bir reaksiya verilirmi heç?

Ağızlarına su alıb oturublar, səslərini də çıxarmırlar. Bu vəziyyət Azər Bağırovu Don Ki Xot edib.

Qara paltar geyinənlərlə təkbaşına döyüşür. Gücü çatdığı qədər. Deyə və şikayətlənə bildiyi qədər.

Yəni, bir yerə qədər. Bu da yetərsizdir.

Adamın dəli olub küçələrə düşməsindən, işsiz qalmasından narahatam. Nə qədər çox gileylənirsə, nə qədər çox ahu-zar edirsə, üstünə bir o qədər çox gəlirlər.

«Sumqayıt»la oyunu «Araz-Naxçıvan» uduzmadı, Kamranbəy Rəhimovla Cavid Cəlilov uddu. Biabırçı penalti, Elvin Bədəlovun Miço Kuzmanoviçin ağzını qanla doldurması, yarımçıq dayandırılan 3 hücum «Araz»ın bütün xal ümidlərinin üstündən əyri-üyrü xətt çəkdi.

Bu, yaramazlıqdır, əbləhlikdir, qərəzkarlıqdır! Bunu edənlər də, bunu edənlərə göz yumanlar da dünyanın ən axırıncı insanlarıdır.

Deyirsiz, Azər Bağırov özlərini bu yola qoyanlarla mübarizədən qalib ayrılsın? Kimə müəssər olub ki, ona da olsun…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti