"Turan"a məğlubiyyət yox, amma bu, "Vikinq"lə oyunda "Sabah"a mane ola bilər"

17:00 Sabah 122
"Turan"a məğlubiyyət yox, amma bu, "Vikinq"lə oyunda "Sabah"a mane ola bilər"

"Sabah"ın Çempionlar Liqasında növbəti rəqibi Norveç çempionu "Vikinq" olacaq.

Təmsilçimizin səfərdə baş tutacaq vacib sınağından öncə Azərbaycan millisinin veteran yarımmüdafiəçisi, təcrübəli futbol mütəxəssisi Aslan Kərimov Sportinfo.az-a müsahibə verib.

- “Vikinq”lə oyundan nə gözləyirsiniz? Rəqibin güclü tərəfləri hansılardır?

- Əslində, bizi kifayət qədər çətin oyun gözləyir. Düşünürəm ki, “Vikinq”lə qarşılaşmada “Slaviya” Praqa ilə görüşdəki təzyiqdən heç də az təzyiq olmayacaq, bəlkə də bir qədər artıq olacaq. Çünki bu dəfə rəqib öz meydanında oynayır. Üstəlik, səfər amili, yol yorğunluğu və bərpa prosesi də var. Ola bilər ki, futbolçularımız bu oyuna tam bərpa olunmadan çıxmaq məcburiyyətində qalsınlar. Bununla belə, hesab edirəm ki, “Sabah” hücum planında indiyə qədər yaxşı təsir bağışlayıb. Çempionlar Liqasında keçirdiyi üç oyunun hər birində hücum baxımından müsbət məqamlar gördük. Düşünürəm ki, “Vikinq”lə görüş də istisna olmayacaq. Komandamız yenə qol imkanları yaradacaq. Sadəcə, həmin fürsətləri reallaşdırmaq baxımından müəyyən problemlər yaşana bilər.

- Rəqibin ən təhlükəli cəhəti nədir?

- Rəqibi kiçiltmək olmaz. “Vikinq”in “Aston Villa” ilə oyununu, eləcə də “Bavariya”ya qarşı göstərdiyi performansı xatırlatmaq kifayətdir. Xüsusilə Münhen təmsilçisi ilə qarşılaşmada norveçlilərin 2:0 hesabı ilə önə keçməsi çox şeydən xəbər verir. Onlar ilk qollarından birini standart vəziyyətdən vurmuşdular. Daxili çempionatda da standart vəziyyətlərdən tez-tez fərqlənirlər. Bu, həmin komponentdə nə qədər güclü olduqlarını göstərir. Digər qollarından birini isə əks-hücumdan vurdular. Bu məqam da diqqət çəkir. Çünki “Vikinq” daxili çempionatda daha çox topa nəzarət edən, dominant futbol oynayan komandadır. Ancaq “Bavariya” kimi rəqibə qarşı əks-hücumlardan da təhlükə yarada bildilər. Deməli, bu oyunda da belə bir ssenari ilə üzləşə bilərik. “Sabah” topa daha çox nəzarət etməyə çalışacaq, amma bu zaman rəqibin əks-hücumları ciddi təhlükə yarada bilər. Ümumilikdə, “Vikinq” yaxşı komplektləşdirilmiş Norveç təmsilçisidir. Heyətində 6-7 legioner var və yerli futbolçularla əcnəbi oyunçular arasında yaxşı balans qurublar.

- “Sabah”ın hücum potensialını nəzərə alsaq, rəqib müdafiəsinə problem yarada biləcəyini düşünürsünüzmü?

- Bəli, düşünürəm ki, “Sabah”ın bunun üçün kifayət qədər potensialı var. Komandanın hücumameyilli futbolçuları, xüsusilə müdafiəçilərin də hücuma qoşulması hesabına rəqib üzərində say üstünlüyü yaratmaq imkanı olur.

- Amma vacib fiqurlardan sonda Velko Simiç matçı buraxa bilər. Bu məqam oyuna necə təsir edə bilər?

- Təbii ki, müəyyən təsir göstərə bilər. O, demək olar ki, “Sabah”ın hücum quruculuğunda əsas fiqurlardan biridir. Taktiki baxımdan tez-tez mövqe dəyişir, hücumun müxtəlif zonalarında peyda ola bilir. Çox aktiv futbolçudur və belə oyunçunun yoxluğu həmişə hiss olunur. Dambrauskasın bu boşluğu necə dolduracağı maraqlıdır. Ola bilər ki, bu funksiyanı yerinə yetirsin, yaxud Mbina mərkəzdə, daha irəli mövqedə oynasın və cinahlarda başqa futbolçulardan istifadə olunsun. Müxtəlif variantlar mümkündür. Hansının seçiləcəyi isə məşq prosesindən, futbolçuların hazırlıq səviyyəsindən və məşqçinin fərdi söhbətlərindən sonra müəyyənləşəcək. Hər halda, Simiçin yoxluğu nəzərə alınmalı amildir.

"Turan"a məğlubiyyət yox, amma bu, "Vikinq"lə oyunda "Sabah"a mane ola bilər"

- “Turan Tovuz”a məğlubiyyətin “Sabah”a psixoloji təsiri ola bilərmi?

- Düşünürəm ki, məğlubiyyətin psixoloji baxımdan ciddi təsiri olmamalıdır. “Sabah”ın texniki heyəti futbolçuları bu baxımdan hazırlamağı bacarır. Komandanın özünəinamının aşağı düşəcəyini düşünmürəm. Çünki “Turan Tovuz”la oyunda, demək olar ki, öz səhvlərinə görə məğlub oldular. Futbolçular bunu anlayır və həmin səhvlərdən nəticə çıxararaq geri dönüş edə bilərlər. Digər tərəfdən, “Turan Tovuz”a məğlubiyyət Çempionlar Liqasının əhəmiyyətini azalda bilməz. Hətta həmin oyunda 3:0 hesablı qələbə qazansaydılar belə, Çempionlar Liqasının yaratdığı ab-hava tamamilə fərqli olacaqdı.Amma burada başqa bir məqam var. “Turan Tovuz”la oyuna görə yaranan fiziki yorğunluq təsir göstərə bilər. Qısa müddətdə Tovuzda oynamaq, təxminən 400 kilometr yol qət etmək, sonra geri qayıtmaq, bərpa olunmaq və ardınca Norveçə uçmaq asan deyil. Ümumilikdə, təxminən 800 kilometrlik yol və bütün bu proses futbolçuların fiziki vəziyyətinə təsirsiz ötüşməyə bilər. Məncə, burada məğlubiyyətin özü yox, oyunun yaratdığı fiziki yük daha ciddi amildir. Qələbə qazansaydılar belə, bu yorğunluq yenə olacaqdı. Psixoloji baxımdan isə futbolçuların vəziyyətdən çıxacağına inanıram. “Turan Tovuz”a uduzmaq dünyanın sonu deyil. Hələ çempionluğu da əldən verməyiblər ki, bu məğlubiyyət komandaya psixoloji zərbə vursun.

- Son olaraq “Sabah”ın “Vikinq”lə oyunda şanslarını necə qiymətləndirirsiniz?

- Açığı, Dortmund və “Mançester Yunayted”lə oyunlarda “Sabah”ın şanslarının rəqiblərlə bərabər olmadığını etiraf etməliyik. Bilirdik ki, komandamız yaxşı oynaya, qol vura, qol imkanları yarada bilər. Amma rəqibin bütün hücumlarının qarşısını ala biləcəyinə əmin deyildik. Bu tərəddüdümüz də əsassız deyildi. “Slaviya” Praqa ilə görüş isə fərqli idi. Mənim üçün həmin oyunda şanslar 50-nin 50-yə idi. “Sabah” rəqibin hücumlarından yararlanaraq qol vurmağı bacardı, eyni zamanda müdafiədə də etibarlı oynadı. Komanda konsentrasiyanı qorudu, rəqibi səhvlərə məcbur etdi. Düşünürəm ki, “Vikinq” də həmin kateqoriyadan olan rəqibdir. Ola bilər ki, taktiki baxımdan “Slaviya”dan müəyyən üstünlükləri və ya zəif tərəfləri olsun. Amma ümumi potensial baxımından bu komandaları bir-birinə yaxın hesab edirəm. Bu baxımdan, “Vikinq”lə oyunda da şansları 50-nin 50-yə qiymətləndirirəm. “Sabah” üçün əsas məsələ rəqibi səhvə məcbur etmək, eyni zamanda onun təzyiqi altında özü səhvə yol verməmək və konsentrasiyanı qorumaq olacaq. İnanıram ki, komandamız bunu bacaracaq. Çünki indiyə qədər keçirdiyi üç Çempionlar Liqası oyununda çox yaxşı təsir bağışlayıb.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti