"Qarabağ"da xaos yaradan kimlərdir? - Qurban Qurbanov və digərləri...

21:00 Qarabağ 177
"Qarabağ"da xaos yaradan kimlərdir? - Qurban Qurbanov və digərləri...

Uzun illərdən sonra ilk dəfədir ki, “Qarabağ” bu mövsüm avrokuboklardan kənarda qalıb.

Çempionatda da işlər heç də arzuolunan səviyyədə getmir.

Komanda vacib xallar itirib, göstərdiyi oyun isə müəyyən narahatlıqlar yaradır.

Yeni transferlər hələlik gözlənilən səviyyədə çıxış edə bilmir, komandaya istənilən töhfəni vermirlər.

Zamanla vəziyyətin necə dəyişəcəyini isə indidən söyləmək çətindir.

Bununla belə, yeni transferlərin keyfiyyətli futbolçular olduğu da göz önündədir. Sadəcə, onların Qurban Qurbanovun sisteminə uyğunlaşması müəyyən vaxt tələb edir.

Problemlərin mövcudluğu danılmazdır və biz də bunu açıq şəkildə dilə gətiririk.

Təəssüf ki, bəzi qüvvələr yaranmış vəziyyəti “Qarabağ”da xaos hökm sürdüyü görüntüsünə çevirməyə çalışır.

Hətta Qurban Qurbanovun istefasını yenidən gündəmə gətirənlər də var.

Gəlin, bir qədər də məsələyə stəkanın dolu tərəfindən baxaq.

Çempionatda 10 tur geridə qalıb. “Qarabağ” liderdən cəmi iki xal geri qalır və Premyer Liqada məğlubiyyət üzü görməyən yeganə komandadır.

Üstəlik, daha çox təriflənən Yuri Vernidubun və Valdas Dambrauskasın komandalarına da uduzmayıb.

Bir qədər soyuqqanlı yanaşsaq, problemlərlə yanaşı, ortada kritik vəziyyətin olmadığını da görərik.

“Qarabağ” hələ heç nəyi itirməyib. Faciə baş verməyib.

Bəli, çatışmazlıqlar var, onların aradan qaldırılması üçün isə zamana ehtiyac duyulur. Bunu Qurban Qurbanov da açıq etiraf edir.

Problemləri qabartmaq, tənqid etmək lazımdır.

Biz də bunu edirik.

Ancaq mövcud çatışmazlıqları xaos görüntüsünə çevirmək, hər şeyi böhran kimi təqdim etmək, məncə, ədalətli yanaşma deyil. Hətta bu cür yanaşma bəzən qərəz təsiri bağışlayır.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti