Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçilər korpusu ilə görüşüb.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, toplantı normal məcrada keçib və konkret mövzuları əhatə edib.
NFF-nın rəhbəri Premyer Liqanın ilk 2 turunda uğursuzluq yaşayan komandanın həm nəticələrindən, həm də nümayiş etdirdiyi futboldan narazılığını dilə gətirib.
Açıq deyib ki, o, «Qarabağ», «Neftçi» və «Sabah» səviyyəsində rəqiblərlə duellərdə «Araz»dan qələbə tələb eləmir, amma bunu onlardan gözləyir.
Kluba ayrılan büdsənin ötən illə müqayisədə iki dəfə aşağı düşdüyünü xatırladan Axundov söyləyib ki, heyət bu səbəbdən zəifləyib, sadəcə, heç kim ruhdan düşməməli, əl-qolunu yanına salmamalı, yuxarı yerlər uğrunda mübarizə iddiasından əl çəkməməlidir.
Federasiyanın başçısı «Araz»ı heç vaxt aşağı pillələrdə görmək istəmədiyini, kollektivə gücü çatdığı qədər dəstək verəcəyini nəzərə çatdırıb.
Baş məşqçi Cavid Hüseynov isə zamana ehtiyaclarının olduğunu iddia eləyib.
AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun məsləhəti ilə sükan arxasına gətirilmiş gənc çalışdırıcı bildirib ki, o, əslində, komandanın pis təsir bağışladığını düşünmür.
Bundan qabaq «Şamaxı» ilə «Səbail»i Premyer Liqada saxlaya bilməmiş Hüseynov «Araz»da ümumi vəziyyətin və ab-havanın nisbətən fərqli olduğunu, iyundan etibarən komandanı faktiki yenidən qurduqlarını, bu arada düşərgəyə qoşulanların hələ adaptasiya prosesini tam keçmədiyini söyləyib.
O, istədiyi yerli və əcnəbi oyunçuların heç də hamısını kollektivə cəlb edə bilmədiyini vurğulayıb.
Xidmətinə maraq göstərdiyi dörd hücumçudan birinin də «Araz»a gəlməməsini misal çəkib. Heyətin tədricən formalaşdığını, bu üzdən fiziki hazırlığın hələ arzuolunan səviyyəyə çatmadığını bildirib.
Bununla belə, Hüseynov əmindir ki, bir neçə həftə hər şey qaydasına düşəcək.
SPORTİNFO.AZ
