“Küləkli havada mən top dalınca qaçıram, siz isə müsahibə götürürsüz”

21:20 Araz-Naxçıvan 336
“Küləkli havada mən top dalınca qaçıram, siz isə müsahibə götürürsüz”

“Araz-Naxçıvan” qış fasiləsində keçirdiyi ikinci yoldaşlıq görüşündə məğlub oldu.

İlk oyunda əvəzedici komandanı 7:0 hesabı ilə məğlub edən “qırmızı-ağlar” növbəti qarşılaşmada “Qəbələ”yə boyun əydi – 0:1.

Sportinfo.az-a müsahibə verən sabiq “Qarabağ”lı yarımmüdafiəçi Patrik Andrade sualları cavablandırıb.

- İstirahət edə bildin?

- Pis olmadı. Təxminən 10 gün vaxt var idi, ondan maksimum yararlanmağa çalışdım. Ailəmlə Portuqaliyada oldum, sonra Kabo-Verdeyə getdik.

- Gəzib-dolaşandan sonra soyuq havada keçən məşqlərdə tər tökmək bezdirici deyil?

- Bu, bizim işimiz, həyatımızın bir parçasıdır. Küləkli havada mən top dalınca qaçıram, futbol oynayıram, siz isə müsahibə götürürsünüz. Hər ikimiz üçün çətindir. Amma nə etməli? İşləməliyik ki, yaşaya bilək.

- Özünü necə hiss edirsən?

- Yaxşı, bəlkə də daha yaxşı. Əsas odur zədəm yoxdur, sağlamam. Mövsümün ikinci yarısına istəklə hazırlaşırıq.

- Ancaq “Qəbələ”yə məğlub olduz.

- Belə oyunlarda nəticə önəm daşımır. Çünki əsas məqsəd baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, oyun üslubuna alışmaqdır. Həm də bu gün əsas heyətlə oynamırdıq. Zədəli futbolçularımız çoxdur. Əsas odur ki, yoxlama matçlarında səhvlərimizi görüb, onları aradan qaldıraq.

- Andrey Demçenko sizdən nə tələb edir? Elmar Baxşıyevin məşləri ilə onun çalışmaları arasında fərqlər çoxdur?

- Hər məşqçinin özünəməxsus futbol fəlsəfəsi var. Arada fərqlərin olması normaldır. Gəldiyi gündən bizə nələrisə başa salmağa çalışır, daha yaxşı oynamağımızı istəyir. Bu da bir az zaman aparan prosesdir. 2-3 həftənin içində ciddi sıçrayışa nail olmaq mümkün deyil. Ümid edirəm ki, mövsümün sonu hər birimiz üçün uğurlu olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti