Baş məşqçi müəmması nə vaxt həll olunacaq? – Cavabı bizdə

21:20 Araz-Naxçıvan 323
Baş məşqçi müəmması nə vaxt həll olunacaq? – Cavabı bizdə

“Araz-Naxçıvan”la Elmar Baxşıyevin yolları rəsmən ayrılıb.

Bu barədə redaksiyamıza klubdan məlumat verilib.

Bildirilib ki, keçmiş baş məşqçi ilə müqaviləyə xitam verilməsi ilə bağlı hələ dekabr ayında razılıq əldə olunmuşdu.

Lakin bayramlarla əlaqədar tərəflərin görüşməsi və xitam müqaviləsinə qol çəkilməsi yubanırdı.

Bu isə bir neçə gün əvvəl baş tutub. Baxşıyevlə klub rəsmiləri bu ilin iyun ayına qədər qüvvədə olan sözləşmənin detallarını müzakirə edəndən sonra əl sıxıblar. Əldə olunan razılıq hər iki tərəfi razı salıb.

Buna baxmayaraq, Peşəkar Futbol Liqasının rəsmi saytında “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko yox, hələ də Elmar Baxşıyev göstərilir.

Niyə?

Məlum oldu ki, klub baş məşqçi dəyişikliyi ilə bağlı sifariş ərizəsini quruma yaxın 2-3 gün ərzində göndərəcək.

17-ci tura qədər təxminən 10 gün vaxt qaldığını nəzərə alsaq, Naxçıvan təmsilçisi bu baxımdan rahatdır. Qarşıdakı oyuna qədər məsələ öz həllini tapacaq və Demçenko baş məşqçi kimi göstəriləcək.

“Araz-Naxçıvan” qış fasiləsindən sonra ilk görüşünü “İmişli”yə qarşı keçirəcək.

Yanvarın 23-nə planlaşdırılan oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti