Görüş bu həftə baş tutacaq – RƏSMİ AYRILIQ

5 Yanvar 21:20 Araz-Naxçıvan 1 785
Görüş bu həftə baş tutacaq – RƏSMİ AYRILIQ

“Araz-Naxçıvan” yeni baş məşqçi ilə anlaşdığını rəsmən bəyan etdi.

Muxtar Respublika təmsilçisinin nəticələrinə bundan sonra Andrey Demçenko cavabdehlik daşıyacaq.

Ukraynalı mütəxəssislə rəsmi müqavilə imzalansa da, əvvəlki çalışdırıcı Elmar Baxşıyev hələ də ayrılıq sənədinə qol çəkməyib.

Burada söhbət yarımçıq dayandırılan müqavilənin təzminat tərəfindən gedir ki, belə məqamda tərəflərin ortaq məxrəcə gəlməsi vacib şərtdir.

Klubdan əldə etdiyimiz məlumata görə, Baxşıyevlə sözləşmənin sona çatması dekabr ayında onunla danışıqların nəticəsi olaraq razılaşdırılıb. Yəni özü də sağollaşmağa razılıq verib.

O ki qaldı, təzminat və xitam məsələsinə, 31 dekabr – 4 yanvar bayram günləri olduğundan, tərəflərin görüşü mümkün olmayıb.

Bu gündən etibarən xitam müqaviləsi ilə bağlı sənədin hazırlanmasına start verilib. Hazırda bu yöndə iş görülür.

Ən qısa zamanda, dəqiq desək, bu həftənin sonuna qədər klubla keçmiş baş məşqçi arasında görüş baş tutacaq. Masa arxasındakı söhbətdə Baxşıyev sənədə qol çəkəndən sonra “Araz-Naxçıvan”dan rəsmən ayrılmış sayılacaq.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2024-cü ilin aprel ayında Naxçıvan komandasına baş məşqçi təyin olunmuşdu.

“Qırmızı-ağlar” onun rəhbərliyi altında 2024 /25 mövsümünü 3-cü pillədə başa vurub, UEFA Konfrans Liqasında iştirak edərək mərhələ adlamağı bacarıb.

Cari mövsümün ilk yarısından sonra aktivində 26 xal olan “Araz-Naxçıvan” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu