Premyer Liqanın arxada qalan birinci yarısında yerli oyunçulara ən çox güvənən klublardan biri “Araz Naxçıvan” oldu. İstefaya göndərilən Elmar Baxşıyev əksər hallarda start heyətində 4 yerliyə meydan verirdi.
Hədəfləri böyük olan komanda üçün ciddi rəqəmdir. Nəzərə alaq ki, artıq bu ildən legioner limiti də ləğv edilib.
Amma buna rəğmən “Araz” milli komandaya iddialı klublardan ən az oyunçusu dəvət alan klublar arasında yer aldı.
Maraqlıdır, bu klubda meydana çıxanlar ölkənin bir nömrəli komandasında meydana çıxmağa layiq deyilmi?
Naxçıvan təmsilçisinin təcrübəli simalarından sayılan Bəxtiyar Həsənalizadə Sportinfo.az-a açıqlamasında bunları deyib:
“Özüm haqqında danışmayacam. Bunu düzgün hesab etmirəm. Amma düşünürəm ki, Ömər Buludov, Slavik Alxasov və Coşqun Diniyev milliyə kömək edə bilərlər.
Hər biri təcrübəli oyunçulardır. Mustafa Əhmədzadə artıq dəvət alır. İlk addımlarını millidə atır. Uğurlu olsun.
Digərlərini də dəvət etmək olar, məncə. Nəzərə alaq ki, ən çox yerli oyunçu “Araz”da oyuna çıxır".
XANOĞLAN

