“Araz-Naxçıvan”da müəmma burulğanı davam edir.
Qış fasiləsi yaranan kimi Elmar Baxşıyevlə yolların ayrıldığını bəyan edən Naxçıvan təmsilçisi hələ də yeni çalışdırıcının kimliyini açıqlamayıb.
Bu da səbəbsiz deyil.
İş burasındadır ki, Baxşıyevlə bağlı xitam ərizəsi imzasız qalıb.
Nə klubun rəhbəri Ramin Axundov sənədə qol çəkib, nə də Elmar Baxşıyevin özü.
Məlum hadisələrə görə Axundovun imza səlahiyyəti müvəqqəti dondurulub. İndiki məqamda qərar verən şəxs gücünə malik deyil.
Baş məşqçi isə təzminatla bağlı şərtləri razılaşdırmadan sənədi imzalamaq istəmir. Təbii ki, onun da özünə görə istək bə tələbləri var.
Ona görə də hazırda baş məşqçi mövzusu havadan asılı vəziyyətdə qalıb.
Prosesin hansı tarixə qədər davam edəcəyi dəqiq bilinmir. Çox güman, məsələ yeni ildə öz həllini tapacaq.
Maraq üçün bildirək ki, “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yolların ayrıldığını rəsmi şəkildə bəyan edib.
Halbuki, vidalaşma sənəd üzərində yox, sözdə baş tutub.
HƏBİB / SPORTİNFO.AZ

