Premyer Liqa klubu “havada qalan” legionerlə bağlı qərarı nə vaxt verəcək?

20:40 Araz-Naxçıvan 221
Premyer Liqa klubu “havada qalan” legionerlə bağlı qərarı nə vaxt verəcək?

“Araz-Naxçıvan”ın bu ilin əvvəlində heyətinə qatdığı və 1,5 il müddətinə müqavilə bağladığı Əyyub Allaş cari mövsümdə debüt etməyib.

Buna səbəb futbolçunun Premyer Liqa üçün sifariş olunmamasıdır.

Mart ayında ağır zədə alaraq sıradan çıxan mərakeşli yarımmüdafiəçinin nə vaxt sağalacağı bilinmədiyindən, rəsmilər risk edib onun üçün Peşəkar Futbol Liqasına 100 min manat rüsum ödəməmişdi.

Buna baxmayaraq, Əyyub hazırda “Araz-Naxçıvan”ın üzvü sayılır və hər ay klubdan maaş alır. Dekabr ayında baş tutan oyunlar zamanı mülki geyimdə stadionlarda görünməsi də boşuna deyildi.

Allaş müalicə və bərpa dövrünü başa vurub. Yanvar ayında komanda ilə qış təlim-məşq toplanışında iştirak etməyə hazırdır.

Mövsümün ikinci yarısında “Araz-Naxçıvan”ın formasını geyinə bilməsi üçün yeni gələcək baş məşqçinin qərarı vacibdir.

O, Allaşın hazırkı durumundan və futbolçu keyfiyyətlərindən razı qalsa, rəhbərliyə müsbət raport verəcək, başbilənlər də sifariş olunması üçün PFL-ə legioner rüsumu olan 100 min manat ödəmək məcburiyyətində qalacaq.

Yox, baş məşqçi 27 yaşlı yarımmüdafiəçi ilə bağlı mənfi fikrə düşsə, o zaman onunla yollar müəyyən təzminat qarşılığında ayrılacaq.

Vaxtilə “Qəbələ”dəki çıxışları ilə özünü azərbaycanlı futbolsevərlərə tanıdan mərakeşli ötən mövsüm Naxçıvan təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti