Dekabrın ilk yarısında «Jenis»dən ayrılan Andrey Demçenko «Araz-Naxçıvan» rəhbərliyi ilə daha bir məsələdə razılığa gəlib.
Bir neçə gün öncə Elmar Baxşıyevlə müqaviləyə xitam vermiş Muxtar Respublika təmsilçisi qış fasiləsində ciddi tranfser əməliyyatları həyata keçirməyəcək.
«Ağ-qırmızılar» qarşıdakı 1 ay ərzində sıralarına yeni legioner qatmayacaq. Demçenkoya bunun üçün əlavə büdcə ayrılmayıb. Ukraynalı mütəxəssis mövcud heyətlə mövsümü başa vurmağa razılaşıb.
Çünki o, komandanı avrokuboklara apara biləcəyinə inanır. «Ağ-qırmızılar»ın iyuldan bəri keçirdiyi bütün rəsmi oyunları gözdən keçirən çalışdırıcı öz rəyi ilə rəhbərliyi tanış edib.
Bildirib ki, «Araz» heyətinə görə Premyer Liqanın ən güclülərindən biridir, sadəcə, taktiki və fiziki cəhətdən düzgün hazırlıq keçməyib.
Demçenko ona qədər futbolçuların potensialından düzgün istifadə olunmadığını söyləyib.
Bununla belə, deyib ki, oyun modelini dəyişməklə və fiziki çalışmalara üstünlük verməklə, mövsümü üçüncü-dördüncü pillədə başa vurmaq mümkündür.
“Araz-Naxçıvan” hazırda 16 turdan sonra 26 xalla Azərbaycan çempionatının turnir cədvəlində altıncı yerdədir. Naxçıvan komandası növbəti oyununu 23 yanvarda “İmişli”yə qarşı keçirəcək.
Demçenkonun məşqçi kimi son iş yeri “Jenis” olub. Onun rəhbərliyi altında komanda Qazaxıstan çempionatında altıncı yeri tutub və ölkə kubokunun yarımfinalına yüksəlib.
Demçenko daha çox Ukraynadakı işi ilə tanınır. O, “Metallist 1925”i çalışdırıb. Ölkə xaricində isə həmçinin Özbəkistanda “Obod”u idarə edib,
Gürcüstanda “Dila Qori” və “Dinamo Batumi”də işləyib. Sonunculara 2023-cü ildə ölkə çempionluğunu qazandırıb.
SPORTİNFO.AZ

