Andrey Demçenkonun "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olacağı haqda yaydığımız xəbər Ukrayna mediasında böyük maraqla qarşılanıb.
Bu ölkənin əksər KİV-ləri saytımızın ilk dəfə tirajladığı informasiyanı təsdiqləyib.
Bildirilib ki, 49 yaşlı mütəxəssis artıq klubla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Demçenko yanvarın əvvəlində vəzifəsinin icrasına başlaya biləcək.
Onun məşqçi kimi son iş yeri “Jenis” olub. Onun rəhbərliyi altında komanda Qazaxıstan çempionatında altıncı yeri tutub və ölkə kubokunun yarımfinalına yüksəlib.
Demçenko daha çox Ukraynadakı işi ilə tanınır. O, “Metallist 1925”i çalışdırıb. Ölkə xaricində isə həmçinin Özbəkistanda “Obod”u idarə edib,
Gürcüstanda “Dila Qori” və “Dinamo Batumi”də işləyib. Sonunculara 2023-cü ildə ölkə çempionluğunu qazandırıb.
Redaksiyamızın əldə etdiyi son məlumata görə, Demçenkonun təyinatının rəsmiləşməsi onun Zaur Axundovla görüşünə qalıb.
Naxçıvan Futbol Federasiyasının prezidenti digər işləriylə əlaqədar hələ ukraynalı ilə görüşə vaxt tapa bilməyib. O. 2 gün öncə Bakıya gəlsə də, yuxarıda qeyd olunan səbəbdən tərəflər bir araya gəlməyib.
Demçenko gələn ilin ilk günlərində yenidən ölkəmizə təşrif buyuracaq. Son anda hansısa başqa hadisə yaşanmasa, məhz o, «ağ-qırmızılar»ın sükanı arxasına keçəcək.
Klubun şərtlərini artıq qəbul edib. Redaksiyamıza məlum olub ki, Demçenko komandanı avrokuboklara apara biləcəyinə inanır.
O, bu missiyanı öz üzərinə götürüb. «Ağ-qırmızılar»ın iyuldan bəri keçirdiyi bütün rəsmi oyunları gözdən keçirən çalışdırıcı öz rəyi ilə rəhbərliyi tanış edib.
Bildirib ki, «Araz» heyətinə görə Premyer Liqanın ən güclülərindən biridir, sadəcə, taktiki və fiziki cəhətdən düzgün hazırlıq keçməyib.
Demçenko ona qədər futbolçuların potensialından düzgün istifadə olunmadığını söyləyib.
Bununla belə, deyib ki, oyun modelini dəyişməklə və fiziki çalışmalara üstünlük verməklə, mövsümü üçüncü-dördüncü pillədə başa vurmaq mümkündür.
“Araz-Naxçıvan” hazırda 16 turdan sonra 26 xalla Azərbaycan çempionatının turnir cədvəlində altıncı yerdədir. Naxçıvan komandası növbəti oyununu 23 yanvarda “İmişli”yə qarşı keçirəcək.
SPORTİNFO.AZ

