Çoxdan gözlənilən baş məşqçi istefası dünən gerçəkləşdi.
Düzdür, «Araz-Naxçıvan» Elmar Baxşıyevə qapını göstərdiyini hələ rəsmi surətdə açıqlamayıb, amma bu, artıq an məsələsidir.
Muxtar Respublika komandası 2026-cı ilə yeni baş məşqçi Andrey Demçenkoyla başlayacaq. son olaraq Qaxaxıstanda işləmiş ukraynalı «ağ-qırmızılar»ın irəli sürdüyü müqavilə şərtləri ilə razılaşıb.
O, qarşıdakı ilyarım ərzində Premyer Liqanın havasını udacaq, Elmar Baxşıyev isə Allah bilir, harada olacaq.
Bəlkə də uzunmüddətli səyahətə çıxacaq.
Bəlkə də uzaq dağ kəndlərindən birinə yollanıb, gözdən itəcək.
Bəlkə də köhnə tanışları vasitəsilə hansısa kluba «qırmaq» atacaq.
Bəlkə də Bakıda qalıb ev alqı-satqısı ilə məşğul olacaq.
Sağlığına qismət, şəhərin hansı istiqamətinə getsək, orada mal-mülk tikdiyini eşidərik.
O, bu sahədə daha bacarıqlı, daha tədbirlidir. Zamanla özü üçün şərait qurub, tədarükünü görüb.
Biz də «Sportinfo» ailəsi olaraq, həmişə Elmar Baxşıyevin işini, fəaliyyətini yaxından izləmiş, obyektiv qiymət verməyə çalışmışıq. Oxucularımız şahiddir: biz ona münasibətdə dürüst mövqe sərgəlmişik.
Bildiyiniz kimi, bugünlərdə Azərbaycanda sorğu keçirilib və 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Komanda.az-ın jurnalistlər arasında apardığı ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin sükanı arxasında olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.
Elmar Baxşıyevə həmin 1 səsi verən bizim saytdır.
Premyer Liqada ötən mövsümü üçüncü sırada bitirən, bununla kluba tarixində ilk bürünc medalı qazandıran, habelə avorkuboklarda debütünü gerçəkləşdirən, burada da mərhələ keçən birinci baş məşqçi kimi tarixə düşən Elmar Baxşıyev "Sportinfo"dan savayı, heç bir media qurumunun səsini ala bilməyibsə, yaxşısı budur, məşqçiliyin «daş»ını tezliklə atsın, növbəti dəfə texniki zonada görünməyi ağlının ucundan keçirməsin.
Çünki «Araz» kimi iddialı klub tapmaq çox, çox çətin olacaq Baxşıyevə. Heç bir rəhbər şəxs Zaur Axundov kimi onun arxasında dayanmayacaq, şərait yaratmayacaq bundan sonra.
Heç bir direktor Eldəniz Yusifov kimi qanadı altına almayacaq, yolunda özünü fəda etməyəcək, medianın qarşısına çıxmayacaq.
Bu iki şəxs Baxşıyevin «Araz»da uğur qazanması üçün sözün bütün mənalarında fədakarlıq göstərdi. O, sv-sinə bir ilklər yazdıra bilibsə, bundan ötrü həm Axundova, həm də Yusifova borcludur. Əlli il ötsə, gərək unutmasın…
Elmar Baxşıyevi başının üzərini alan qara buludlardan vaxtında xəbər etmişdik. Üç aydan artıqdır ki, komanda daxilində gedən prosesləri yaxından izləyir, xəbərləri tirajlayır, bütün incəlikləri ictimailəşdirirdik.
Burada yaşanan əksər hadisələri işıqlandırır, hadisələrin inkişafının baş məşqçini uçurma sürüklədiyini yazırdıq.
Səbəbkar nə reaksiya göstərsə, yaxşıdır? Yaxın keçmişdə dediklərini Elmar Baxşıyevin yadına salaq:
“Bu məsələ ilə bağlı nə mənə hər hansı təklif olub, nə də ümumiyyətlə klubla aramızda belə söhbət gedib! Bu cür xəbərləri kimlərin vaxtaşırı uydurduğunu bilmirəm.
Bir şeyi dəqiq bilirəm ki, həmin şəxslərin klubumuzla bağlı bilikləri bəlkə də kasaddır, amma fantaziyaları olduqca zəngindir. Mən onlara futbol və ya “Araz-Naxçıvan” haqqında xəbərlər yox, fantastik hekayələr yazmağı məsləhət görərdim ”.
Buyurun, bu da həmin hekayənin sonu! Gəlib çatdı o gün. Baxşıyevin açıqlamasının üstündən heç bir həftə keçmədi, dedilər, sənə yaxşı ol, bir də buralada fırlanma, nə badə, gözümüzə görsənəsən!
Bunu ona biz söyləmədik, rəhbərliyi söylədi. Elmar bəyə «get, indi özün fantastik hekayələr yaz» demirik.
Bundan daha vacib işlər var, onlar barədə fikirləşməlidir. «Araz»da çalışdığı son periodda hansı nöqsanlara yol verdi, futbolçular niyə ondan niyə üz döndərdi, rəhbərliklə münasibətlərinin korlanmasına kim səbəbkar oldu kimi o qədər sual var ki…
Saymaqla qurtarmayan bu sualların ətrafında oturub baş sındırmalıdır. Papağını qarşısına qoyub fikirləşməlidir, yol verdiyi nöqsanları özüyçün aydınlaşdırmalıdır.
Ən vacibi, media ilə münasibətlərdə etdiyi yanlışları saf-çürük etməli və onları düzəltməlidir. Necə olur da, keçən sezon üç ilkə birdən imza atasan, yalnız bir mətbu orqan səni qiymətləndirsin, başqaları yox?
Deməli, Baxşıyev KİV-ə yanaşmasında da qüsurlu davranıb, vaxtını düzgün qiymətləndirməyib.
Gül kimi zamanını həm bu işə, həm də komandanın problemlərinin həllinə ayırsaydı, yenə qalıb işləyirdi, o isə çay evlərində, domino masasmı arxasında yatıb qaldı.
ELNUR

