Elmar Baxşıyevlə vidalaşan “Araz-Naxçıvan”ın Andrey Demçenko ilə anlaşmasını dünən xəbər vermişik.
Muxtar Respublika təmsilçisi ukraynalı mütəxəssislə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb.
O, yanvarın ilk günlərində rəsmən işə başlayacaq.
Saytımız tərəflər arasında sövdələşmənin bəzi detallarını öyrənə bilib. Redaksiyamıza məlum olub ki, Demçenko komandanı avrokuboklara apara biləcəyinə inanır.
O, bu missiyanı öz üzərinə götürüb. «Ağ-qırmızılar»ın iyuldan bəri keçirdiyi bütün rəsmi oyunları gözdən keçirən çalışdırıcı ö.z rəyi ilə rəhbərliyi tanış edib.
Bildirib ki, «Araz» heyətinə görə Premyer Liqanın ən güclülərindən biridir, sadəcə, taktiki və fiziki cəhətdən düzgün hazırlıq keçməyib.
Demçenko ona qədər futbolçuların potensialından düzgün istifadə olunmadığını söyləyib.
Bununla belə, deyib ki, oyun modelini dəyişməklə və fiziki çalışmalara üstünlük verməklə, mövsümü üçüncü-dördüncü pillədə başa vurmaq mümkündür.
49 yaşlı çalışdırıcı 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və bir neçə gün öncə oradan ayrılıb.
1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.
«İmeks», «Metallurq» (Zaporojye), «Obod» (Özbəkistan), «Veres, «Lvov», «Metallist 1925» və «Bukovina»nın, həmçinin Gürcüstanda «Dila» və «Dinamo Batumi»də əmək sərf edib. Demçenko Batumi klubunu ölkə çempionu etməyi bacarıb.
«Jenis» rəhbərliyi isə ukraynalının müddəti bitmiş müqaviləsini yeniləməmək qərarına gəlib.
Demçenko 2025-ci ilin iyun ayında "Jenis"ə rəhbərlik etməyə başlayıb. Bu müddətdə komanda 17 oyun keçirib, səkkiz qələbə, altı heç-heçə və üç məğlubiyyət alıb.
«Jenis» bu mövsümü Qazaxıstan çempionatında 36 xalla altıncı yerdə başa vurub. Kubokda yarımfinala qədər irəliləyən kollektiv ümumi hesabda "Tobola"a 0:4 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.
2024-cü ili aprel ayında «ağ-qırmızılar»ın sükanı arxasına keçmiş Elmar Baxşıyev isə cari mövsümün geridə qalan hissəsində qeydə alınan uğursuz nəticələr üzündən iş yerini itirib.
Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandıran «Araz» Premyer Liqanın 16 turu ərzində 26 xal toplayıb. Muxtar Respublika təmsilçisi qış fasiləsinə turnir cədvəlinin altıncı pilləsində yollanıb.
SPORTİNFO.AZ

