«Araz-Naxçıvan»ın vingeri Felipe Santos klub işçilərini və komanda yoldaşlarını qıcıqlandıran hərəkət edib.
Bu barədə saytımıza «ağ-qırmızılar»ın düşərgəsindən məlumat verilib.
Bldirilib ki, braziliyalı yarımmüdafiəçi mükafat siyahısının ona göstərilməsini tələb eləyib.
Burada ikinci mövsümünü keçirən cənubi amerikalı qələbə qazandıqları oyunlardan sonra kimə nə qədər pul ödənilməsini öyrənmək istəyib və… öyrənib!
«Sambaçı» siyahıyla tanışlıqdan sonra bir qədər əsəbiləşib. Mükafat fondundan «kənar şəxslər»ə pay çatmasının əleyhinə çıxıb.
İndiyədək onun bir sözünü iki etməyən baş məşqçi Elmar Baxşıyev Felipe Santosun təkidiylə bəzi adları oradan çıxarıb. Həmçinin texniki və tibbi personala ayrılan vəsaitin məbləğini yarıbayarı azaldıb.
Ümumiyyətlə, adıçəkilən braziliyalı «Araz-Naxçıvan»da ən pulgir oyunçu olaraq bilinir. Yəqin ki, bu yay onun kluba yaratdığı problem hələ yadınızdan çıxmayıb.
Yeni transferlərə ayrılan büdcədən xəbər tutan vinger aləmi bir-birinə qataraq, pul davası döymüşdü. Özünün də maaşının artırılması tələbiylə hamının əhvalını qaraltmışdı.
Halbuki 2024-cü ilin iyulunda bağladığı müqavilədə hər şey öncədən yerli-yataqlı nəzərdə tutulmuşdu. İcraçı direktor Eldəniz Yusifovun peşəkarlığı burada problemi «Araz»ın lehinə çözdü.
Çünki 1+1 illik kontraktı klubun maraqlarına uyğun hazırlamasaydı, Felipe məqsədinə çatacaq, «Araz» onu saxlamaqdan ötrü böyük miqdarda əlavə xərcə düşəcəkdi.
Həmin sənəddə göstərilir ki, Naxçıvan təmsilçisi 2025/27-ci il mövsümü üçün əcnəbi futbolçusuna maksimum 20 faiz maaş artımı edəcək.
Halbuki Felipe ikei dəfə artıq əməkhaqqı istəyi ilə ortalığı qarışdırmaq fikrindəydi.
SPORTİNFO.AZ

