Baş məşqçi rəhbərliyin sözündən çıxdı, bu ayrılığa imkan vermədi

16:30 Araz-Naxçıvan 574
Baş məşqçi rəhbərliyin sözündən çıxdı, bu ayrılığa imkan vermədi

«Araz-Naxçıvan»da gərginlik özünün pik nöqtəsinə çatıb,

Elmar Baxşıyev rəhbərliyin istəyini geri çevirib.

İdarəçilər Ramiz Kərimovla yollarını ayırmaq niyyətində olsa da, baş məşqçi bunun əleyhinə çıxıb. O, 3 ilə yaxındır qapıçılar üzrə köməkçi vəzifəsini yerinə yetirən köməkçisi ilə vidalaşmağı düşünmədiyini bildirib.

Baxşıyev «nə qədər ki mən buradam, Kərimov da yanımda işləyəcək» deyib və klub rəsmilərinin əleyhinə gedib.

Rəhbərliyin «Santos» ləqəbli mütəxəssislə vidalaşmaq fikrinə düşməsi əsassız deyil. Son vaxtlar qapı xəttində ciddi boşluqlar nəzərə çarpıb, səhvlər artıb.

Odur ki, Cəmaləddin Əliyev Elmar Baxşıyevin qapıçılar üzrə ikinci köməkçisi vəzifəsinə gətirilib. O, baş məşqçinin istəyi ilə korpusa daxil edilməyib.

Vaxtilə «Qarabağ»ın formasını geyinmiş, uzun illərdir məşqçi kimi müxtəlif klublarda çalışmış, 2023-cü ilin yayından «Araz»da olan Əliyevin görəvləndirilməsi birbaşa rəhbərliyin qərarıdır. Ona konkret iş tapşırılıb - Kristian Avrama məsuliyyət daşıyacaq.

Klub yönəticiləri moldovalı qapıçının performansından kəskin narazıdır. Premyer Liqanın 14 həftəsində qapısında 20 qol görmüş legionerin çıxışı idarəçiləri narahat edir.

Bununla bağlı həm 31 yaşlı kiperin özünə, həm Elmar Baxşıyevə, həm də qapıçılar üzrə məşqçi Ramiz Kərimova ciddi irad tutulub.

Belədə iş bölgüsü yenidən aparılıb. Son günlərə kimi əvəzedici komandada Zaur İsmayılovla çiyin-çiyinə fəaliyyət göstərmiş Cəmaləddin Əliyev sırf Kristian Avramla çalışacaqsa, Ramiz Kərimov Tərlan Əhmədliyə məşq keçəcək.

Onlardan hansı birinin start heyətində meydana çıxacağına da artıq Baxşıyev qərar verməyəcək. Rəhbərliyə yaxın şəxs kimi deyəcəksə, o da ilk «11-lik»də yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti