“Qarabağ” həmişə “Qarabağ”dır. Ən pis vaxtında belə, “Qarabağ”dır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado deyib.
Premyer Liqanın 15-ci turunda Azərbaycan çempionu ilə qarşılaşacaq Naxçıvan təmsilçisi “Kəpəz” üzərindəki qələbədən sonra uğurlu süriyanı davam etdirib, ilk “3-lük”dəki rəqiblərinə yaxınlaşmaq istəyir.
34 yaşlı braziliyalı “Qarabağ”ın güclü rəqib olduğunu etiraf etsə də, “köhlən atlar”dan çəkinmədiklərini söyləyib:
“Çempionatın ilk yarısında onlara böyük hesabla uduzmuşduq (0:5). Lakin həmin matçda azlıqda oynamışdıq. Şübhəsiz ki, güclü rəqibdir.
Ancaq indiki halda bizə xal və xallar lazımdır. Qarşımızdakı rəqibin kimliyi önəm daşımır.
“Qarabağ”ın güclü rəqib olduğunu düşünüb, əllərimizi yanımıza salmamalıyıq.
Pozitivə köklənməklə istəyimizə çata bilərik. Necə ki, ötən mövsüm kubokda “Qarabağ”ı məğlub etməyi bacarmışdıq.
Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. 3 xal üçün vuruşacağıq, ancaq 1 xal da pis nəticə sayılmayacaq”.
Dekabrın 14-də “Azersun Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.
HƏBİB

