Baş məşqçi rəhbərin adamlarına “daş” atdı, aranı daha da gərginləşdirdi!

16:40 Araz-Naxçıvan 150
Baş məşqçi rəhbərin adamlarına “daş” atdı, aranı daha da gərginləşdirdi!

"Araz-Naxçıvan" Premyer Liqanın 14-cü turunda "Kəpəz"i məğlub etdi.

Elmar Baxşıyev bir neçə həftəlik uğursuz seriyaya son qoymağın onda yaratdığı ekstra sevinc hissi ilə mətbuat konfransında odlu-alovlu çıxış etdi, özünü bəzi göndərmələrdən saxlaya bilmədi.

Dedi:

«Ağır oyun alındı. Bilirdik ki, kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətindəyik. Komandamı təbrik edirəm, yaxşı oyun göstərdilər. Düşünürəm ki, bu gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdilər. Futbol elə oyundur ki, matç ərzində hər bir komandanın üstünlük qazanmaq şansları olur. Biz də kubok matçından sonra o stressi yaşamışdıq. Komanda şəklində də çalışdıq ki, həftə ərzində bir-birimizə daha yaxın və dəstək olaq. Həmin stressi geridə qoyduqdan sonra komanda meydançada kreativliyini artırdı. Mən stress altında deyiləm. Düşünürəm ki, komandam da mənim kimi rahatdır, öz işini görür. Əlbəttə ki, uğursuzluqlar olur. O da sırf bizlə bağlıdır. Komanda şəklində potensial olaraq, daha da artığını meydançada etməyə çalışsaq, nəticələrə də daha yaxın olacağıq. Mətbuatda haqqımda yazılanlar mənə təsir edirmi? Desəm ki, baxmıram... Bunu sırf indi yaşayıram deyə, işimi onun üzərində qurmamışam. Premyer Liqada yeddinci ilimdir. Hələ rahat ilim olmayıb. Media tərəfdən təzyiqi həmişə yaşamışam. Yenə də düşünürəm ki, mənimlə heç kimin prinsipi yoxdur. Sadəcə, məni bərkitmək istəyirlər».

Elmar Baxşıyevin mesajı açıq-aydındır. O, haqqında çıxan tənqidi yazılardan, gözlənilən istefasıyla bağlı xəbərlərə görə mətbuatı qınamır.

Yaşa dolub, təcrübəsi artıb, başa düşür ki, od olmayan yerdən tüstü çıxmaz. Arxa otaqda nələrsə baş verir ki, KİV də sızır.

Yoxsa medianın nəyinə lazımdır ki, «Araz»ı o, çalışdıracaq, ya başqası?

Baxşıyev jurnalistlərin önündə etdiyi çıxışla birbaşa klubdaxili gərginliyə işarə vurur. Onun sözü Zaur Axundovun çevrəsində görünən bəzi şəxslərədir.

2024-cü ilin martından hazırkı postunda olan məşqçidə əminlik yaranıb ki, həmin insanlar onu rəhbərin gözündən salmaq üçün hərəkətə keçib. Ad çəkmir, ancaq güman etmək olar ki, söhbət iki-üç nəfərdən gedir.

Hansılar ki, Baxşıyev onlarla «mehriban düşmən» münasibətindədir. Bir-birlərinin üzünə gülsələr də. bu, sadəcə, görüntü xatirinədir, bir qədər arxaya keçəndən sonra ağızlar açılır.

Yaxşı olardı ki, o, bu dəfə açıq danışardı, ad çəkərdi. Ad çəkməyib üstüörtülü mesaj vermək də bir şey deyil.

Əslində, bu, iç münasibətləri daha da qızışdırmaqdır, odun üstünə benzin tökməkdir. Bir qələbə hələ «qara zolağ»ı adlamaq anlamına gəlmir, bu üzdən oxu atıb, yayı gizlətmək sabah ona baha başa gələ bilər.

Baxşıyev komandanın birliyindən danışmaqla da gözə kül üfürür. Hazırkı «Araz»da birlik yoxdur, parçalanma var. Əksər futbolçular onunla çalışmaqdan narahatdır.

Getməsini istəyirlər. Felipe Santosa bəslədiyi ayrıca simpatiyadan dolayı düzən pozulub.

Braziliyalı vingeri hamıdan üstün tutması düşərgədəkilərin əsəblərini tarıma çəkib. Felipe yox idi deyə, Patrik Andrade və daha 5-6 nəfər qələbə üçün can yandırdı.

Bütün komanda belə oynasaydı, «Kəpəz»i böyük fərqlə udardılar. Buna rəğmən, hesabı yenə ədalətli saymaq olmaz.

«Kəpəz» fəriqlənmək üçün yetərincə fürsət yaxaladı, sadəcə, istifadə edə bilmədilər. Andradenin fərdi bacarığı bu dəfə Baxşıyevi «ip»dən aldı.

Kabo-verdeli bir qol və bir məhsuldar ötürməylə qələbənin üzünü «Araz»a tərəf çevirdi. Ancaq bu, gələn turlarda da təkrarlanacaqmı? «Qarabağ»la qarşılaşmadan etibarən görəcəyik…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti