Son vaxtlar müxtəlif problemlərlə gündəmə gələn «Araz-Naxçıvan»ın məşqçilər korpusuna yeni ad əlavə olunub.
Cəmaləddin Əliyev Elmar Baxşıyevin qapıçılar üzrə ikinci köməkçisi vəzifəsinə gətirilib.
O, baş məşqçinin istəyi ilə korpusa daxil edilməyib.
Vaxtilə «Qarabağ»ın formasını geyinmiş, uzun illərdir məşqçi kimi müxtəlif klublarda çalışmış, 2023-cü ilin yayından «Araz»da olan Əliyevin görəvləndirilməsi birbaşa rəhbərliyin qərarıdır. Ona konkret iş tapşırılıb - Kristian Avrama məsuliyyət daşıyacaq.
Klub yönəticiləri moldovalı qapıçının performansından kəskin narazıdır. Premyer Liqanın 14 həftəsində qapısında 20 qol görmüş legionerin çıxışı idarəçiləri narahat edir.
Bununla bağlı həm 31 yaşlı kiperin özünə, həm Elmar Baxşıyevə, həm də qapıçılar üzrə məşqçi Ramiz Kərimova ciddi irad tutulub.
Odur ki, iş bölgüsü yenidən aparılıb. Son günlərə kimi əvəzedici komandada Zaur İsmayılovla çiyin-çiyinə fəaliyyət göstərmiş Cəmaləddin Əliyev sırf Kristian Avramla çalışacaqsa, Ramiz Kərimov Tərlan Əhmədliyə məşq keçəcək.
Onlardan hansı birinin start heyətində meydana çıxacağına da artıq Baxşıyev qərar verməyəcək. Rəhbərliyə yaxın şəxs kimi deyəcəksə, o da ilk «11-lik»də yer alacaq.
SPORTİNFO.AZ

