«Araz-Naxçıvan» bir neçə oyunluq uğursuz seriyaya dünən son qoydu.
Premyer Liqanın 14-cü turu çərçivəsində «Kəpəz»i Mərdəkanda qəbul edən «ağ-qaralar» 2 cavabsız qolla qalib gəldi.
Coşqun Diniyev və Patrik Andradenin fərqlənməsi sayəsində əldə olunan 3 xal Elmar Baxşıyevin istefasını ertələdi.
O, minimum daha bir həftə baş məşqçi postunda qalmaq şansı əldə etdi. Fəqət, Baxşıyevin burada daha artıq müddət duruş gətirəcəyini heç cür söyləmək olmaz.
Çünki qarşılaşmanı izləyən Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov stadiondan yenə narazı ayrılıb.
Üç ildir «Araz»ın bütün yükünü öz çiyinlərində çəkən başqan komandanın sərgilədiyi oyunun onu qane etmədiyini açıq şəkildə söyləyib.
Yaxın çevrəsiylə bu barədə söhbətləşən hörmətli iş adamı «Kəpəz»in daha yaxşı təsir bağışladığını, onların isə bəxtlərinin gətirdiyini bildirib.
NFF-nın birinci şəxsi qeyd edib ki, «Araz» yenə ondan gözlənilən futbolu nümayiş etdirməyib, yalnız Andradenin fərdi bacarığı hesabına istəyinə çatıb.
Muxtar Respublika təmsilçisi Baxşıyevi əvəzləməyə hazırlıq görür. Son bir həftədə 2-3 məşqçi ilə əlaqə saxlanılıb.
Samir Abasov onlardan biridir. Noyabrın 24-də «Neftçi»dən istefaya göndərilən mütəxəssis təklifi geri çevirib.
Vaxtilə «ağ-qaralar»ı çempion eləmiş Arif Əsədov, həmçinin hazırda «Qarabağ»ın futbol akademiyasının baş koordinatoru işləyən Aftandil Hacıyev namizədlər siyahısındadır.
SPORTİNFO.AZ

