«Araz-Naxçıvan» rəhbərliyi baş məşqçi dəyişikliyi etmək fikrindən hələlik vaz keçməyib.
Düzdür, Elmar Baxşıyev hələ rəsmən vəzifəsindən uzaqlaşdırılmayıb, ancaq axtarışlar bir qədər də gücləndirilib.
«Neftçi»dən ayrılan Samir Abasovu bura gətirə bilməyən yönətim üzünü digər yerli mütəxəssislərə çevirib.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Tərlan Əhmədov, Nazim Süleymanov və Vəli Qasımovun namizədliyi gözdən keçirilir.
Ancaq məlumunuz olsun ki, bu informasiyaların heç biri həqiqəti əks etdirmir. Muxtar Respublika təmsilçisində Arif Əsədovun adını çəkənlər bu gün daha çoxdur.
Vaxtilə «Neftçi»ni çempion etmiş, uzun illər millidə çalışmış Əsədovun özü də işsiz günlərinə «Araz»da son qoymaq fikrindədir. Danışıqlar baş tutsa, güman ki, o, tezliklə «ağ-qırmızılar»da fəaliyyətə başlayacaq.
Yeri gəlmişkən, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»da toplantı keçirib.
İclasda klub funksionerləri və məşqçilər iştirak edib. Maraqlıdır ki, Elmar Baxşıyev burada yer almayıb.
Çalışdırıcının iştirakı olmadan baş tutan yığıncaqda komandanın son həftələrdəki çıxışı müzakirəyə çıxarılıb.
NFF-nın birinci şəxsi baş məşqçinin fəaliyyətindən narazılığını bildirib. Kluba heç vaxt olmadığı qədər böyük büdcə ayırdıqlarını,
Baxşıyevin ona ciddi vədlər verdiyini, lakin hadisələrin tam əks istiqamətdə davam etdiyini söyləyib. Dəyərli iş adamı qeyd edib ki, Baxşıyev ümidləri doğrultmayıb, yolların ayrılması artıq günün tələbidir.
Axundovun diqqətini çəkən hal komandanın sükançısına münasibətidir. Belə ki, adıçəkilən mütəxəssis əksər futbolçuların gözündən düşüb, sözü çəkisini itirib, verdiyi tapşırıqlara məhəl qoyulmur.
NFF-nın başqanının fikrincə, Baxşıyev geridə qalan 3-4 ay ərzində işinə məsuliyyətlə yanaşmayıb, oyunçular arasında ayrı-seçkilik hallarına yol verib, balans yaratmayıb, bu da nəticələrin pisləşməsinə gətirib çıxarıb.
Muxtar Respublika təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Bu «cəbhə» ilə erkən vidalaşan «ağ-qırmızılar»ın Premyer Liqada işləri də yağ kimi getmir. 13 tura 20 xal toplayan kollektiv turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ

