Yeni baş məşqçi axtarışına çıxan «Araz-Naxçıvan»ın ilk oxu daşa dəyib.
Samir Abasov Muxtar Respublika təmsilçisindən gələn dəvəti geri çevirib.
Noyabrın 24-də «Neftçi»nin sükanı arxasından uzaqlaşdırılmış mütəxəssis təklifi iki səbəbdən qəbul etməyib.
O, həm istirahətə ehtiyac duyduğunu bildirib, həm də klubun rəhbərliyi ilə yola getməkdə çətinlik çəkəcəyini bəhanə gətirib.
Yeri gəlmişkən, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»da toplantı keçirib.
İclasda klub funksionerləri və məşqçilər iştirak edib. Maraqlıdır ki, Elmar Baxşıyev burada yer almayıb.
Çalışdırıcının iştirakı olmadan baş tutan yığıncaqda komandanın son həftələrdəki çıxışı müzakirəyə çıxarılıb.
NFF-nın birinci şəxsi baş məşqçinin fəaliyyətindən narazılığını bildirib. Kluba heç vaxt olmadığı qədər böyük büdcə ayırdıqlarını,
Baxşıyevin ona ciddi vədlər verdiyini, lakin hadisələrin tam əks istiqamətdə davam etdiyini söyləyib. Dəyərli iş adamı qeyd edib ki, Baxşıyev ümidləri doğrultmayıb, yolların ayrılması artıq günün tələbidir.
Axundovun diqqətini çəkən hal komandanın sükançısına münasibətidir. Belə ki, adıçəkilən mütəxəssis əksər futbolçuların gözündən düşüb, sözü çəkisini itirib, verdiyi tapşırıqlara məhəl qoyulmur.
NFF-nın başqanının fikrincə, Baxşıyev geridə qalan 3-4 ay ərzində işinə məsuliyyətlə yanaşmayıb, oyunçular arasında ayrı-seçkilik hallarına yol verib, balans yaratmayıb, bu da nəticələrin pisləşməsinə gətirib çıxarıb.
Muxtar Respublika təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Bu «cəbhə» ilə erkən vidalaşan «ağ-qırmızılar»ın Premyer Liqada işləri də yağ kimi getmir. 13 tura 20 xal toplayan kollektiv turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ

