COP29

"Bilirdik ki, bizə çətin olacaq" - Erkən qol, rəqibin gücü, boşa verilən imkanlar...

9 May 18:00 Araz-Naxçıvan 676
"Bilirdik ki, bizə çətin olacaq" - Erkən qol, rəqibin gücü, boşa verilən imkanlar...

Premyer Liqanın 32-ci turunda səfərdə “Zirə”ni məğlub edərək (1:0) sürprizə imza atan “Araz-Naxçıvan” bu dəfə istəyinə çata bilmədi.

Avrokuboklara iddialı “Sabah”la qarşılaşmada naxçıvanlıların bir neçə qol imkanları olsa da, Yusif İmanovu məyus etmək mümkün olmadı.

“Tələbələr” Ayaz Quliyevin oyunun ilk dəqiqəsində vurduğu möhtəşəm qolla hava-su qədər lazım olan 3 xalı aktivinə yazmağı bacardı.

Həmin gün “Araz-Naxçıvan”ın heyətində ən yaxşılardan olan müdafiəçi Abdulla Rzayev Sportinfo.az-a yenilgi barədə fikirlərini dilə gətirib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Ardıcıl ikinci oyunda qələbə qazanmaq istəyirdik ki, xal ehtiyatımızı artıraq, heç olmasa, 8-ci pillədəki mövqeyimizi qoruyaq.

“Sabah” həqiqətən güclü rəqibdir. Heyətində keyfiyyətli futbolçuların sayı çoxdur. Bilirdik ki, bizim üçün çətin olacaq.

Ancaq yenə də azı 1 xal qazanacağımıza inanırdıq. İlk dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu.

Buna baxmayaraq, hücuma atıldıq, qol imkanları yaratdıq. Təəssüflər olsun ki, fürsətlərdən yararlana bilmədik.

Çempionatın sonuna 3 tur qalıb, yaxşı nəticələr qazanmağa çalışacağıq”.

33 turdan sonra “Araz-Naxçıvan”la “Kəpəz” eyni sayda – 35 xal toplamaqla 8-9-cu pillələri bölüşürlər. Şəxsi görüşlərdəki göstəricilərə əsasən gəncəlilər öndədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti