"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"la bərabərə bitən (1:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
O ilk olaraq qarşılaşma barədə danışıb.
- "Turan Tovuz"a qarşı oynamaq çətindir. İlk hissəni yaxşı keçirdik, ikinci yarıda konsentrasiyanı itirdik. Qalib gəlmək istəyirdik, amma yekunda bərabərlik qeydə alındı.
- Son turlar qeyri-sabit çıxış etməyiniz nə ilə bağlıdır?
- Səbəbini bilmirəm. Amma biz hər oyunda qələbə üçün əlimizdən gələni edirik. Məqsədimiz avrokuboklara getməkdir. Səbəbləri baş məşqçi araşdırır, tapşırıqları verir. Bizim də istəyimiz maksimum həmin tapşırıqları yerinə yetirməkdir.
- Bir neçə görüşü buraxdın. Kənardan səhvlər daha yaxşı görünür. Ötən mövsüm müdafiədə daha etibarlı idiniz, amma son oyunlar sadə qollar buraxırsınız. Bu nə ilə bağlıdır?
- Tək mənimlə bağlı deyil. Rahil də zədədən əziyyət çəkir. Slavikin problemləri oldu. Ümumiyyətlə komanda olaraq zədədən əziyyət çəkirik. Bu da təsir edə bilər. Digər tərəfdən buraxılan qolu ancaq müdafiəçiləri bağlamaq, zədəli oyunçularla əlaqələndirmək də doğru deyil. Hücumda olarkən kollektiv olaraq geri qayıtmaqdan da çox şey asılıdır.
- Nəticəni ədalətli saymaq olar?
- İkinci yarıya görə saya bilərik. Amma birinci hissə daha yaxşı tərəf biz idik. Məncə, iki xal itirdik. Qələbə qazanmaq istəyirdik.
XANOĞLAN İMANOV

