Premyer Liqanın 11-ci turunun gərgin oyunlarından biri Sumqayıtda baş tutdu.
"Araz Naxçıvan" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Karvan-Yevlax"ı qəbul etdi.
Muxtar respublika təmsilçisi ilk hissədə 0:1 geridə olduğu qarşılaşmada geridönüş edə bildi - 2:1.
Felipe Santosun qələbə qolundan öncə yaşananlar isə sosial şəbəkələrdə gündəm oldu.
Belə ki, braziliyalı 11 metrlik nöqtəyə yaxınlaşanda qapının arxasında duran azyaşlı uşaq hücumçuya hara vurması ilə bağlı əli ilə işarə edib.
Santos da uşaq göstərdiyi istiqamətə vuraraq toru silkələyib.
Matçdan sonra Sportinfo.az-a açıqlama verən cənubi amerikalı bunun təsadüfi alındığını bildirib:
"Xeyir, mən orada heç kimi görmədim. Çünki penalı vurmağa fokuslanmışdım. Vacib olan qol idi, onu da vuraraq komandama kömək etdim".
XANOĞLAN

