«Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransına giriş-çıxışı heç vaxt dəyişmir.
«Oyunun çətin keçəcəyini bilirdik» cümləsiylə başlayır, «daha artığını etməliyik» cümləsi ilə qurtarır.
Mən ona etiraz etmirəm. Bundan sonra Baxşıyevin başqa cür açıqlamalar verəcəyini gözləməyin. Şablon danışmağa aludədir. Belə gəlib, belə də gedəcək…
Onun «Araz»da hələ uzun müddət duruş gətirəcəyini düşünmürəm. Zaur Axundov aldadıldğını bildiyi gün baş məşqçiyə qapını nişan verəcək.
Zaur Axundovu aldadan şəxs Eldəniz Yusifov deyil. İcraçı direktoru birinci gündən rəhbərinə sadiqdir və bunu hər fürsətdə sübuta yetirir.
Zaur Axundovu aldadan şəxs Ceyhun Sultanov da deyil. baş seleksioner yayda etdiyi transfer əməliyyatları ilə rəhbərinin etimadını doğruldub.
Zaur Axundovu aldadan şəxs bir nəfərdir. O, VİP-loja istənilən vaxt qalxmağa özündə cəsarət tapan zatdır. Bu zat olmasa, Elmar Baxşıyev 5-6 ay idi ki, özünə yeni iş yeri axtarırdı.
Elmar Baxşıyevin problemi çox ciddidir - komandanı «Aris»lə oyunlardan bu tərəfə heç cür özünə gətirə bilmir. İyuldan bəri «Araz» enişə keçib, indi də çöküş yaşayır.
Baş məşqçinin nə etmək istəməsinin nə qabağı bilinir, nə arxası.
«Araz» komanda görkəmini yerli-dibli itirib. Nə komanda e, bu, komandadır?
«Araz» iki-üç futbolçunun çiyinləri üzərində irəli-geri gedir, Boli və Felipe Santos, belə başa düşmək olar ki, oyun seçir. Kimin keyfi necə istəyir, elə də oynayır.
Halbuki «Araz» bu heyətlə «Sumqayıt»ı dünən tank kimi əzib keçməli idi. Qiymətləri ilə maraqlanmasan, deyərsən ki, klub rəhbərliyi yayda 5-10 min dollarlıq legionerlər alıb.
Elə deyil axı, onların hər birinə böyük miqdarda maaş ödənilir. Ancaq sıradan biri kimi oynayır hamı.
Bunun məsuliyyəti birbaşa Baxşıyevdədir və cavabdehliyi üzərindən ata bilməz.
ELNUR

