“İmadı çox yaxşı tanıyırram, yüksək potensiala sahib futbolçudur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Çarles Boli “Neftçi”nin oyunçusu İmad Faraj haqda danışarkən deyib.
“Ağ-qaralar”ın yayda “AEK Larnaka”ya transfer haqqı ödəyərək sıralarına qatdığı 26 yaşlı cinah oyunçusu hələ ki, ümidləri doğrultmur.
Düzdür, meydana çıxdığı 8 oyunda aktivinə 3 məhsuldar ötürmə yazdırıb. Lakin “Neftçi” azarkeşləri ondan daha artığını gözləyir. Xüsusən də əsas rəqiblərlə matçlarda.
Boli yaxından tanıdığı “11 nömrə” barədə nikbin fikirlər səsləndirib:
“Faraj uzun illərdir çox yaxşı tanıdığım biridir. O, “Lill”də, mən isə “Lans”da çıxış edəndə dəfələrlə rəqib qismində qarşılaşmışıq.
Onu burada görəndə çox sevindim. Çünki komandasına və çıxış etdiyi çempionata fayda verəcək biridir.
“Neftçi”ylə oyundan sonra söhbət etdik. Ona dedim ki, sən burada böyük işlər görəcəksən. Bir-birimizə uğurlar arzuladıq.
Ola bilsin yeni gəlib deyə, uyğunlaşmaya ehtiyacı var. Bir müddətdən sonra “Neftçi”yə daha çox fayda verəcək.
Çünki texniki bacarıqları yüksək olan futbolçudur. Ondan top almaq müşkül məsələdir.
“Neftçi” azarkeşlərinə səbrli olmağı məsləhət görürəm”.
Fransanın aşağı yaş qruplarından ibarət milli komandaların şərəfini qorumuş “Neftçi”nin üzvü Azərbaycana gələnə qədər Fransada “Lill”, Portuqaliyada “Belenenseş”, Belçikada “Muskron”, Kiprdə “AEK Larnaka”nın formasını geyinib.
Kipr təmsilçisinin heyətində 4 ildə 158 oyunda iştirak etməklə 23 qol vurub, bir o sayda assist müəllifi olub.
HƏBİB

