Turun mərkəzi qarşılaşması bu dəfə Masazırda gerçəkləşəcək.
Avrokuboklara vəsiqə urğunda mübarizə aparan “Araz-Naxçıvan” “Bank Respublika Arena”da nominal meydan sahibi qismində “Sabah”ın qonağı olacaq.
Komandaların turnir cədvəlindəki xalına və mövqeyinə baxanda oyunun hansı gərginlik altında keçəcəyini təsəvvür etmək olur. Naxçıvanlılar 15 xalla 3-cü, “tələbələr” 14 xalla 4-cü sırada yer alıb.
Hər iki komandanın son matçlarda məğlubiyyət tanımaması, üstəlik, meydana itkilərlə çıxacağı intriqaya əlavə rəng qatır.
“Araz”ın aparıcı futbolçularından olan Çarles Boli Sportinfo.az-a açıqlamasında qarşılaşma haqda fikirlərini bildirib:
“Sabah”ın gücü məlumdur. Keçən həftə “Zirə” kimi komandanın qapısından 3 top keçirməsi “Sabah”ın hazır olmasından xəbər verir.
Lakin biz də sağlam və güclü kollektivə sahibik. Heç bir rəqibdən çəkinmədən hədəfimiz urğunda mübarizə aparırıq. Meydana döyüşmək və 3 xal qazanmaq üçün çıxacağıq. Başqa nəticə barədə qətiyyən düşünmürük.
Düzdür, itkilərimiz var. Ancaq komanda 2-3 nəfərdən ibarət deyil. İnanıram ki, kənarda qalan oyunçuları ıəvəzləyəcək futbolçular onların yoxluğunu hiss etdirməyəcək”.
Oktyabrın 25-də keçiriləcək görüş saat 16:00-da başlayacaq.
HƏBİB

