«Araz-Naxçıvan» səkkiz turun yarısında xal itkisinə uğrayıb.
Üç heç-heçə və 1 məğlubiyyət - bu, qətiyyən yaxşı göstərici sayıla bilməz.
Komandanın mövsümlərarası fasilədə xeyli dəyişməsini nəzərə alaraq.
Düşərgəyə xeyli sayda səviyyəli və bahalı oyunçuların cəlb olunmasını nəzərə alaraq.
Ehtiyat skamyanın boyunun xeyli uzanmasını nəzərə alaraq.
Kluba rəhbərlik səviyyəsində diqqət və qayğının artmasını nəzərə alaraq.
Zaur Axundovun uğur üçün əlindən gələn fədakarlığı etməsini nəzərə alaraq.
Bütün bunların fövqündə nə görürük? Görürük ki, «Araz» qeyri-sabitlik zolağından heç cür çıxa bilmir.
Çox qəribədir, kifayət qədər səviyyəli oyunçusu ola-ola komandanın səviyyəsi aşağı düşüb. Bunu ki mən etməmişəm…
Haçan maraqlanırsan, bir, yaxud bir neçə futbolçunun zədələnməsi barədə xəbər alırsan klubdan. Bunu da mən etməmişəm.
Əlbəttə, sorğulanmalı tək adam Elmar Baxşıyevdir. O, domino oynamağa sərf etdiyi vaxtı komandasının çatışmazlıqlarını aradan qaldırmağa ayırsaydı, çoxdan bu müşkülləri aşmışdı.
Ancaq deyəsən, Baxşıyev hələ də havadarına arxalanır, onun Axundovun fikrinə təsir göstərə biləcəyinə inanır.
«Araz»ın hələ belə sanballı və səliqəli heyəti olmayıb.
Bu çətin işi klubda iki nəfər görüb - Eldəniz Yusifov və Ceyhun Sultanov. Cütlük transfer bazarında zərgər dəqiqliyi ilə işləyib.
Zaur Axundov baş məşqçi məsələsində də onlara etimad göstərsə, «Araz»ın day heç bir problemi qalmaz.
ELXAN

