
“Futbolda əzbərlənmiş “11-lik” olmur. Bu gün mən oynayıram, sabah başqası”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Bruno Franko deyib.
Yayda komandaya cəlb olunan, avrokubok matçlarında mütəmadi şans qazanan solaxay braziliyalı Premyer Liqada az şans qazanır.
Bu da meydanda olduğu oyunlarda legioner adını doğrultmaması ilə bağlıdır. Faktiki, öz mövqeyində Slavik Alxasova uduzur.
Maraqlıdır ki, Bruno bir çox futbolçuların özünə sığışdırmadığı etirafı edərək günahı özündə görür:
“Kimin oynamasına qərarı məşqçi qərar verir. Bizim işimiz məşqlərdə üzərimizə düşəni etməkdir.
Önəmli olan odur ki, inamla irəliləyirik və komandada müsbət əhval-ruhiyyə var. Hər bizimiz “Araz-Naxçıvan”ın uğur qazanması üçün buradayıq.
Ruhdan düşmək? Qətiyyən!
Əksinə, məşqlərdə daha çox çalışmağım üçün motivasiya verir. Əlbəttə, hər bir futbolçu meydanda olmaq istəyir.
Lakin bu gün “11-lik”də yer almıramsa, bunun səbəbini özümdə axtarmalıyam. Belə deyim, tək özümü yox, ümumi komandanı düşünürəm. Vacib olan budur”.
Konfrans Liqasında 4 oyunda 315 dəqiqə şans qazanan 27 yaşlı futbolçu, Premyer Liqanın geridə qalan 8 turunda 4 matçda 204 dəqiqə top dalınca qaçıb.
HƏBİB