
Bazar günü “Palms Sports Arena”da baş tutan “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması tək Premyer Liqa komandalarının yox, həm də dostların mübarizəsi kimi yadda qaldı.
Söhbət meydan sahiblərinin heyətində çıxış edən Sessi D’Almeyda ilə naxçıvanlıların üzvü Çarles Bolidən gedir.
Sözügedən legionerlər ötən mövsüm eyni komandada Limassol “Apollon”unda çiyin-çiyinə oynayıb, daha öncə isə Fransada rəqib qismində üz-üzə gəliblər.
Elə buna görə də matç başa çatandan sonra Boli ilə Sessi paltardəyişmə otağına yollanmayıb, meydanın kənarında bir neçə dəqiqə “şirin” söhbət etməklə yadda qaldılar.
Çarles Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi ilə münasibətlərindən söz açıb:
“Sessi ilə uzun illərin dostuyuq. Vaxtilə Fransada rəqib qismində qarşılaşmışıq.
Son 3 ilin 2-də “Pau”da, ötən mövsüm “Apollon”da komanda yoldaşı olmuşuq. Həyatda dostluq edirik, meydana çıxanda rəqib oluruq.
Hətta bir-birimizə düşmən kimi baxırıq (gülür). Təbii ki, bunu məcazi mənada deyirəm.
Peşəkarıq, oyun başlayan kimi hər kəs formasını geyindiyi komandanın mənafeyini qorumağa çalışır. Oyundan sonra sadəcə hal-əhval tutduq, matçın gərgin keçdiyindən danışdıq”.
HƏBİB