
"Araz-Naxçıvan" Azərbaycan Premyer Lliqasının 8-ci turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik.
- Qışda mərkəz müdafiəçisi transferi gündəmə gələcək?
- Sırf o mövqeyə köklənməmişik. Qışa kimi uzun müddət var. O mövqedə sıxıntımız olsa, futbolçu cəlb edilə bilər. Amma futbolçularım universaldır, müdafiənin mərkəzində oynayacaq oyunçular var. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq.
- Oyundan sonra baş hakimə narazılıq edirdiz?
- Xeyr, narazlıq deyildi. Sadəcə oyun epizodu idi. "Neftçi"nin ikinci qoluna tam baxmamışıq. Amma epizod elədir ki, dəqiq qərar vermək olmur.
- Patrik Andradenin performansı sizi razı salır?
- Patrikin enişdə olduğunu düşünmürük. Ondan istədiyimiz oyunu bizə verməyə çalışırdı. Böyük futbolçudur, böyük potensiala malikdir. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunlar göstərəcək.
- Onun millisi dünya çempionatına vəsiqə qazandı, amma adı siyahıda yox idi. Bu, ona təsir edə bilər?
- Ümumi təsir etməyib. Əlbətət ki, o da öz ölkəsinin mundialda oynamağına sevinir. Onun psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox komandamıza köklənib. Düşünürəm ki, Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir.
- Naxçıvana azarkeşlərlə görüşünüz oldu. Bu, ev oyunlarınızı Naxçıvanda keçirə biləcəyinizlə bağlı addım və ya mesaj idi?
- Görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə Konfrans Liqasına hazırlıq, oyunların sıxlığı ilə əlaqədar o səfəri milli fasiləyə salmalı olduq. Faydalı görüş oldu. Komanda da şəhəri görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, futbolu orada necə sevirlər. Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir.
- Felipe Santos Benin millisində oynayacaq. Sizinlə məsləhətləşdi? Afrika Millətlər Kubokunda oynayacaq və belədə düşərgədən uzaq qala bilər...
- Onun qərarıdır. Öz vətənində oynamaq istəyir. Müasir futbolda da bu normal haldır. Hansısa ölkənin vətəndaşlığına sahib olursan. Bizim xəbərimiz var idi. Biz də ona uğurlar arzuladıq. O, dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi. Gələcəkdə bizi nə gözləyir, nə mən, nə də Santos cavab verə bilər. Bizim üçün önəli oyunçudur. Sərəncamımızda olsa, komanda üçün daha xeyirli olar.