
“Açığı, “İmişli”nin belə oynamasına təəccüblənmədik.
Əvvəlki matçlarda da nəyə qadir olduğunu göstərmişdi”.
“Araz-Naxçıvan”ən yarımmüdafiəçisi Coşqun Diniyev Sportinfo.az-a açıqlamasında “İmişli” ilə görüşü şərh edib.
7-ci turun “Liv Bona Dea Arena”da baş tutan açılış matçında naxçıvanlılar hesabı açsa da, son dəqiqələrdə qələbədən məhrum ola bilərdi.
Lakin Dioqo Almeyda penaltini qaçırmaqla nominal meydan sahiblərinin ikinci topu vurmasına şərait yaratdı. Nəticədə aran təmsilçisi 1-ci turda “Turan Tovuz”a yenilgidən sonra ilk dəfə meydanı məğlub tərk etdi.
Coşqun həmin epizodun həlledici rol oynadığını gizlətməyib:
“Qələbə qazandığımıza görə sevincliyik. Allaha şükürlər olsun, penaltidən yararlana bilmədilər.
Biz də fürsətdən istifadə edib vacib ikinci qolu vurduq .“İmişli” bərk komandadır.
Müdafiədə diqqətli oynamaqla əks-hücumlarda effektli olmağa çalışır. Bu barədə məlumatlıydıq. Çalışdıq ki, rəqibə boşluq verməyək.
Öz oyunuma gəlincə, fikrimcə, özümü yaxşı tərəfdən göstərməyi bacardım. İnşallah, daha yaxşı olacaq”.
“Araz-Naxçıvan” 7 turdan sonra 14 xal toplamaqla lider “Turan Tovuz”dan 1 xal geri qalır.
HƏBİB