
Naxçıvanlıların "Araz" həsrəti sona çatdı.
Komanda uzun aradan sonra təmsil olunduğu ünvana qonaq getdi.
Bütün futbolçu kollektivi, rəhbərlik heyəti milli komandalara görə yaranmış fasilədə Naxçıvan Muxtar Respublikasında oldu.
Sportinfo.az-a açıqlama verən baş məşqçi Elmar Baxşıyev öz təəssüratlarını bizimlə bölüşüb:
"Yaxşı bir səfər oldu. Komanda üzvlərini isti qarşıladılar. Naxçıvan rəhbərliyi ilə görüş, xüsusilə də akademiyanın üzvləri futbolçulara öz sevgilərini göstərdilər.
Futbolçularımız da gələcəyin ulduzları ilə fotolar çəkdirdi, əyləncə xarakterli futbol oynadı, həm də onlara imzalı forma və avtoqraflar payladı.
Bu səfər onların yaddaşında dərin izlər buraxacaq.
Futbolçularımız isə təmsil etdikləri bölgəni gördülər, tanış oldular, stadionu gördülər. Onlar da istəyərdi ki, doğma meydanda, publika qarşısında oynasınlar. Ancaq bu bizdən asılı deyil.
Səfər bizə müsbət enerji ötürdü. Komanda üzvləri də gördülər ki, komandanı necə tanıyır və sevirlər.
Bir daha əmin olduq ki, komanda Naxçıvanda ev oyunlarını keçirsə, çox böyük üstünlük qazanmış olacaq".
Təcrübəli mütəxəssis bu cür səfərin mövsümün sonrakı dövründə komandaya müsbət təsir qoyacağını sözlərinə əlavə edib:
"Əlbəttə, səfər bütün komandada xoş enerji yaratdı.Futbolçular Naxçıvanı görməkdən məmnun idilər".
XANOĞLAN