
"Komanda Naxçıvana qayıtsa, daha yaxşı nəticələr göstərə bilər".
Sportinfo.az xəbər verir ki, bunu "report"un yerli bürosuna açıqlamasında "Araz-Naxçıvan" komandasının baş məşqçisi Elmar Baxşıyev deyib.
Onun sözlərinə görə, komandanın üzvləri Naxçıvana səfər etməyi səbirsizliklə gözləyib:
"Yeni futbolçuların Naxçıvan haqqında məlumatı az idi. İndi bu yerləri öz gözləri ilə görmələri müsbət haldır.
Komanda olaraq bizim üçün bütün lazımi şərait yaradılıb. Fikrimcə, komanda Naxçıvana qayıtsa, daha yaxşı nəticələr göstərə bilər.
Komanda doğma azarkeşlər önündə daha rəngarəng və motivasiyalı oynamaq qabiliyyətindədir.
Bunu Konfrans Liqasında da müşahidə etdik. Futbolçular öz oyunları ilə yerli futbol azarkeşlərini hər zaman sevindirmək istəyirlər".
Premyer Liqada ev oyunlarını Bakıda keçirən "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun heyəti Naxçıvana səfər edib.