Bu komanda "İmişli" nağılını bitirməyin yolunu göstərdi

9 Oktyabr 23:40 Araz-Naxçıvan 207
Bu komanda "İmişli" nağılını bitirməyin yolunu göstərdi

“İmişli” mövsümdə ikinci məğlubiyyətini Mərdəkanda aldı.

“Araz Naxçıvan” rəqibinə şans vermədi – 2:0.

Aran təmsilçisinin arxada qalan görüşlərdə bərk təsir bağışlaması Baxşıyevi ayıq-sayıq olmağa vadar edirdi. Bu cür rəqiblə görüşdə qolsuz davam edən hər dəqiqə təhlükə deməkdir. Ki, rəqibdə motivasiya artır, səndə isə boşalma üzə çıxır.

Əbəs deyil ki, meydan sahibləri maksimum erkən qol vurmağın axtarışında idi. 9-cu dəqiqədə Smakala lazım olan qolu vuraraq planı əyani icra etmiş oldu. Amma referi oyundan kənar vəziyyət səbəbindən qolu saymadı.

Muxtar respublika təmsilçisi dayanmadı, hücumlarını davam etdirdi. Nəticədə ən azı fasiləyə qədər fərqlənmək tələbini 32-ci dəqiqədə yerinə yetirməyi bacardı.

Bundan sonrakı dəqiqələr onlar üçün daha rahat keçdi.

Bir neçə dəfə fərqi artırmaq imkanları olsa da, fürsətləri boşa verdilər.

Son dəqiqələrdə Ülvi İsgəndərovun qolu 3 xalın qarantı oldu.

Düzdü, qonaqlar heç də pis oyun keçirmədilər. Zaman-zaman mübarizə zəmi ilə problem yaratmağa çalışdılar. Hətta buraxılan 2-ci qola kimi penal vurmaq imkanı da əldə etmiş oldular. Amma Almeydanın hədəfdən ya keçməsi bölgə klubunun olan-qalan ümidlərini yerlə bir etdi.

Ümumiyyətlə, bu matç bir daha göstərdi ki, belə rəqibləri udmağın yolu erkən qol(lar)dan keçir.

Çətini hesabı açmaqdır, gerisi rahat gəlir. “Araz” bu yolla getdi. Nəticəsi də ortada. “İmişli” mövsümdə ilk dəfə qapısında 1 görüşdə 2 qol gördü. Baxşıyevin yetirmələri bərk görünən rəqibin boşluqlarını göz önünə sərdi. İndi qalır digər rəqiblərin necə dərs çıxaracağı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!