
«Neftçi» ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən Ramil Şeydayevə son anda daha bir müştəri çıxıb.
«Araz-Naxçıvan» hücumçuya olan iddiasını ortaya qoyub.
Premyer Liqanın bürünc medalçısı ona 2 illik kontrakt təklif eləyib. Üstəlik, Muxtar Respublika təmsilçisi 29 yaşlı forvarda bir vəd verib - bura gələrsənsə, daim əsas heyətdə oynayacaqsan.
«Araz»ın dəvəti Şeydayevi tərəddüdə salıb. Baxmayaraq ki, o, ötən həftənin ikinci yarısında «Qarabağ»la anlaşıb. Tərəflər arasında 2 illik ön müqavilə imzalanıb.
Razılaşmanın üstündən günlər öncə keçib və hələ də açıqlanmayıb - yeganə səbəb «Araz»ın Ramilə iddiasını ortaya qoymasıdır.
Ön xətt oyunçusu üçüncü dəfə «köhlən atlar»ın formasını geyinmək fürsəti yaxalasa da, davamlı oyun praktikası qazanacağına bir o qədər inanmır.
Vaxtının çoxunu ehtiyat skamyada keçirəcəyindən ehtiyatlanır. Odur ki, hansı istiqamiətə gedəcəyini bilmir, başını itirib.
SPORTİNFO.AZ