
Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov qurumun iclasında bildirib.
O, Naxçıvandakı futbolsevərlərin "Araz-Naxçıvan" intizarına yaxın vaxtlarda son qoyulacağını qeyd edib.
Belə ki, muxtar respublika futbolunun tarixini, ənənələrini özündə əks etdirən Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.
NFF rəhbəri toplantıda muxtar respublikada futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb.
Z.Axundov cari ilin aprelində AFFA və NFF-nin birgə təşkilatçılığı ilə müvafiq yaş qruplarına aid komandalar arasında Azərbaycan çempionatının Naxçıvan zonası üzrə oyunlarının keçirildiyini, kütləviliyin artırılması məqsədi ilə böyüklər arasında şəhər, rayon, qəsəbə və kəndlərdə mütəmadi olaraq futbol yarışlarının təşkil edildiyini, NFF-nin dəstəyi ilə yeni futbol klubunun yaradıldığını bildirib.
Federasiya prezidenti uzun fasilədən sonra Naxçıvanı təmsil edən hakimlər briqadasının müxtəlif yaş qruplarına aid komandaların iştirak etdiyi ölkə birinciliyinin oyunlarına təyinat almasını da təqdirəlayiq hal kimi vurğulayıb.
Bunun üçün AFFA Hakimlər Komitəsi ilə qarşılıqlı işlərin aparıldığı, bölgədə referilər üçün kursların və seminarların təşkil olunduğu, yekunda test-normativləri uğurla verənlərin daim yarışlarda ədaləti qoruyacağı bildirilib.
Bundan başqa, bölgədə məşqçilərin UEFA məşqçi lisenziyasına sahib olması üçün kurslar təşkil olunur.