
Premyer Liqanın ilk üç həftəsində məğlubiyyət üzü görməyənlərdən biri də «Araz-Naxçıvan»dır.
Yeddi xal toplayıblar.
Klubun idarəçiləri komandanın irəli getməsini istəyirsə, Elmar Baxşıyevə kömək əlini uzatmalıdır.
«Necə» deyə, soruşursuzsa, qoy, söyləyim.
«Araz» Mərdəkan stadionundan imtina etməlidir. Premyer Liqa oyunu belə yerdə oynanılmamalıdır.
Tribunaların daim boş qalmasını nəzərdə tutmuram. «Araz» zatən səssiz arenada oynamağa öyrəncəlidir.
Dərd meydançanın dərdidir. Adamın heç buranı meydança adlandırmağa dili də gəlmir. Sanki qazonun üstündən tank və buldozer keçib.
Ot örtüyü vaxtından əvvəl saralıb, o tərəf-bu tərəf yamaq-yamaqdır.
Oyunu stadiondan izləyirsənsə, ürəyin bulanır. Televizordan baxırsansa, yuxu basır, kanalı dəyişmək istəyirsən.
«Araz»ın «Qəbələ» üzərində qələbəsini Ba-Muaka Simakala ilə Felipe Santosun fərdi ustalığı təmin etdi. Topun atılıb-düşməsi imkan vermədi ki, kollektiv oyun sərgiləsinlər.
«Araz» Mərdəkandan təcili çıxmalıdır, yoxsa gözlənilməz xal itkiləri ilə tez-tez üzləşəcək.
Baxşıyevin sərəncamında texnikalı və sürətli oyunçular çoxdur, bu məkan onlara ziyan gətirəcək. Görək, neyləyirlər!
ELNUR