
Konfrans Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” “Omoniya” ilə cavab görüşünə çıxacaq.
Avqustun 7-də Bakıda Kipr komandasına 0:4 hesabı ilə uduzan təmsilçimiz cavab qarşılaşmasında revanş hissi ilə alışıb-yanacaq.
Baş məşqçi Elmar Baxşıyev məlum görüşdən əvvəl ciddi çətinliklə üz-üzə qalıb.
Təcrübəli çalışdırıcı müdafiənin mərkəzini hansı futbolçulardan formalaşdıracağı üzərində baş sındırır.
İqor Ribeyro “Neftçi” ilə müqavilə bağlandığından, artıq yeni komandasının məşqlərində iştirak edir. Kiprə aparılmayacağı dəqiqdir.
Bəxtiyar Həsənalızadə ardıcıl üçüncü oyunda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Ötən həftəkı qarşılaşmanın gedişində gərəksiz epizodda Stevan Yovetiçi vurduğu üçün “sarı” alan Bəxtiyar Kiprdə meydana çıxa bilməyəcək.
Hazırda Baxşıyevin ixtiyarında iki mərkəz müdafiəçisi qalıb.
İssuf Paro zədədən tam qurtulmayıb. “Omoniya”ya qarşı start heyətində yer alsa da, fasilədə əvəzlənmişdi.
Rahil Məmmədovun fiziki durumu isə 90 dəqiqə oynamağa imkan vermir. Polşa klubundan ayrılandan sonra fərdi məşqlərlə kifayətlənən milli üzvü iki həftədir kollektiv çalışmalara qoşulub.
“Araz-Naxçıvan”ın güclü rəqibə qarşı səfər oyununda müdafiədə hansı çətinliklərlə üzləşəcəyini indidən təsəvvür etmək çətin deyil.
Avqustun 14-də Kiprdə keçiriləcək cavab matçının start fiti saat 21:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ