
Konfrans Liqasındakı hər iki təmsilçimiz həftəni məğlubiyyətlə başa vurdu.
Doğma meydanda “Omoniya”dan 4 top buraxan “Araz-Naxçıvan”la müqayisədə ağır Sofiya səfərində minimal hesabla uduzan “Sabah”ın yenilgisi “toya getməlidir”.
Ancaq bu məğlubiyyət olmaya da bilərdi. 90 dəqiqə ərzində “Levski”nin fasiləsiz hücumlarına tab gətirən “tələbələr” Stas Pokatulova təşəkkür etməlidir. Qazaxıstanlı kiper üç epizodda 100 faizlik qolların qarşısını kəsdi.
Lakin hakimin əsas vaxta əlavə etdiyi sonuncu, yəni 90+8-ci dəqiqədə kornerdən buraxılan qol çəkilən zəiyyəti yerə vurdu.
Günahkar təbii ki, baş məşqçi Valdas Dambrauskasdır.
Hakimin fiti ağzında olduğu vaxtda əvəzetmələrə nə gərək vardı? Deyək ki, Mikelsi Xəyalla əvəzləmək rəqibə pressinq etməyə hesablanmışdı. Bəs, Zedadkanın yerinə Seydiyevin meydana daxil olması?
Baş məşqçilərin zaman qazanmağa hesablanmış əvəzetmələri anlaşılandır. Dünyada bundan istifadə edirlər. Lakin bu şəkildə yox də.
Hesab xeyrinədir, oyun istədiyin axarda davam edir, görüşün başa çatmasına saniyələr qalıbsa, mübarizəyə “yeni qan” qoşub ümumi ansabldan geri qalan futbolçuya güvənməyin sonu məğlubiyyətdir.
Qurban Qurbanov avrokubok təcrübəsinin ilk illərində bir neçə dəfə bu səhvin qurbanı olub. Daha etmir. Son saniyələrdə əvəzetməyə gərək duymur. Az-çox təcrübəsi olanlar acı sonluğu əvvəldən hiss edir.
Təəssüf ki, Dambrauskas bunu duymayaraq soyadı boyda səhvə yol verdi.
İnanaq və ümid edək ki, “Sabah” Bakıdakı cavab görüşündə yenilginin əvəzini artıqlaması ilə çıxıb, azərbaycanlı futbolsevərlərə pley-off sevincini yaşadacaq.
Lakin bu dəfə vaxt amili “Levski”nin xeyrinə işləyəcək.
Komandalar arasında cavab qarşılaşması avqustun 14-də “Bank Respublika Arena”da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ