
"Araz-Naxçıvan"la "Omoniya" arasında keçiriləcək ilk oyunu çexiyalı hakimlər idarə edəcək.
Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək görüşün baş hakimi Ondrey Berka olacaq.
Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
10 ildir Çexiyanın yüksək dəstə oyunlarına təyinat alan, 2021-ci ildən FİFA-nın emblemini yaxasında daşıyan səbəbkarın 37 yaşı var.
Berka bu günə qədər müxtəlif turnirlərdə 373 oyun idarə edib. Bunlardan cəmi 10-u avrokubokların payına düşür.
Çexiyalının yolu avrokuboklarda bizimkilərlə heç vaxt kəsişməyib. Heç “Omoniya”nın da hansısa matçını idarə etməyib.
Ondreyin 10 görüşdə bir dəfə də olsun əlini “qırmızı”ya görə cibinə atmaması və cəmi bir dəfə penlati nöqtəsini göstərməsi mübarizəli oyunun tərəfdarı olmasının göstəricisidir. Yəni hər sərtliyə görə ağır qərar vermir.
Bu, çexiyalı referinin ölkəmizə ikinci səfəridir. İlk dəfə 2021-ci ilin oktyabrında gəlib, Azərbaycanla Xorvatiyanın U-21 milliləri arasındakı seçmə mərhələ görüşünü idarə etmişdi.
Sumqayıtda – “Kapital Bank Arena”da baş tutmuş görüşdə xorvatlar bizimkiləri 5:1 hesabı ilə darmadağın etmiş, baş hakim futbolçumuzu meydandan qovmuşdu.
Həmin futbolçu da kim olsa yaxşıdır? Hazırda “Araz-Naxçıvan”ın heyətində yer alan Turan Vəlizadə.
Bu axşam “Liv Bona Dea Arena”da baş tutacaq oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ