“Omoniya”nı qorxudan - “Araz” bu gecə qazanacaq?

16:40 Araz-Naxçıvan 245
“Omoniya”nı qorxudan - “Araz” bu gecə qazanacaq?

“Araz-Naxçıvan” çətin sınaq qarşısındadır.

Konfrans Liqasına əla start verərək II təsnifat mərhələsində “Aris” səddini keçən (2:1, 2:2) təmsilçimiz bu dəfə “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Şübhəsiz, yunanlarla müqayisədə kiprlilər avrokuboklarda daha böyük təcrübəyə sahibdir və dəfələrlə qrup mərhələsinin (əsas mərhələ) həyəcanını yaşayıb.

“Kral” azərbaycanlı futbolçulara kifayət qədər yaxşı tanışdır. Bu komanda son 4 ildə ölkəmizə 4-cü dəfə səfər edir. Və bütün hallarda Konfrans Liqası çərçivəsində.

2021/22 mövsümündə “Qarabağ”la eyni qrupda yer alan Kipr nəhəngi öz meydanında 1:4 hesabı ilə darmadağın etdiyi rəqiblə Bakıda 2:2 bərabərə qalmışdı.

2023/24 mövsümündə bu dəfəki püşk “Omoniya”nı “Qəbələ”yə rəqib etmişdi. Həmin vaxt bölgə təmsilçisinin “sükanı” arxasında Elmar Baxşıyev idi ki, iki oyunun nəticəsinə görə mərhələni adlayan tərəf Kipr komandası olmuşdu – 3:2, 4:1.

Və ötən ilin yayı. Konfrans Liqasının qrup mərhələsinin bir addımlığında olan “Zirə”nin bəxtinə “Omoniya” düşmüşdü. Nikosiyada baş tutan matçda təmsilçimizə 6:0-lıq şok yaşadan “ağ-yaşıllar” Bakıdakı oyunda 0:1 hesabı ilə uduzmuşdu.

Odur ki, “Omoniya” indiyə qədər avrokuboklarda 4 fərqli komandamızla qarşılaşan ilk rəqibdir.

“Kral” Azərbaycan təmsilçiləri ilə duellərindən ikisindən qalib ayrılmağı bacarıb. Statistika üstünlüyü onların tərəfindədir.

3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət.

Söhbət “Omoniya”nın ölkəmizdə keçirdiyi oyunların nəticələrindən gedirsə, bu mənada “Araz-Naxçıvan”dakıların ümidi artmalıdır.

Tanış rəqib “Qarabağ”la Bakıdakı matçda bərabərə qalıb (2:2), ötən il “Zirə”yə 0:1 hesabı ilə uduzub, 2 il əvvəl Qəbələdə 0:2 hesabı ilə uduzduğu oyunu qalib başa vurub.

Bu, o deməkdir ki, Azərbaycan “Omoniya”dakılar üçün təhlükəli məkandır. Məhz bu üstünlükdən istifadə etməklə “Araz” ilk oyunda qalib gəlməlidir ki, cavab qarşılaşmasına üstün çıxsın.

Kipr təmsilçisi ötən il məhz “Liv Bona Dea Arena”da “Zirə”yə boyun əymişdi. Yenə həmin stadiondur və komandamızın başında qisas hissi ilə alışıb-yanan Elmar Baxşıyevdur.

Bu axşam baş tutacaq məlum qarşılaşma saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti