
“Keyfiyyətli rəqib üzərində qələbə qazanmaq xoşdur.
Bu oyuna çox yaxşı hazırlaşmışdıq, “Aris”i yaxşı təhlil etmişdik”.
“Araz-Naxçıvan”ın yeni transferi Çarles Boli Sportinfo.az-a açıqlamasında “Aris” üzərində qələbəni şərh edib.
Cümə axşamı “Liv Bona Dea Arena”da hesabda məğlub duruma düşən Elmar Baxşıyevin yetirmələri yekunda qələbə istəyinə çatddı – 2:1.
Oyunun ən yaxşılarından olan fransız yarımmüdafiəçi Yunanıstan təmsilçisini hansı keyfiyyətlərdə üstələdiklərini gizlətməyib:
“İstəyimizə çatmaq üçün hər şey edərək layiqli qələbə qazandıq. Qalibiyyət haqqımız idi.
Lakin bu, hər şey demək deyil. Çünki qarşıda bizi daha çətin səfər qarşılaşması gözləyir.
“Aris” təcrübəli və güclü rəqibdir. Heyətində kifayət qədər bacarıqlı futbolçular var.
Lakin biz daha çox qaçdıq, daha çox pressinq etdik, topa nəzarəti əldən vermədik və oyun keyfiyyəti sayəsində istəyimizə çatdıq.
Xüsusi nəsə etdiyimizi deyə bilmərəm. Sadəcə, lazım olanları etdik. Məşqçilər heyəti nə tapşırmışdısa, yerinə yetirməyə çalışdıq”.
Komandalar arasında cavab görüşü iyulun 31-də Salonikidə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
HƏBİB