
"Araz-Naxçıvan"ın avrokuboklarda hədəfi müəyyənləşib.
Tarixində ilk dəfə beynəlxalq arenada çıxış edəcək Muxtar Respublika təmsilçisi Konfrans Liqasında üçüncü mərhələyə adlamalıdır.
Bu, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun onlardan tələbidir.
Belə ki, NFF-nın birinci şəxsi Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusu ilə söhbətində məqsədini açıqlayıb.
Tanınmış iş adamı komandaya hər cür şərait yaratdıqlarını, istənilən transferləri elədiklərini bildirib. Heyətin gücləndirilməsi üçün səxavətini əsirgəməyən Axundov bunun qarşılığında "Aris" səddini keçməli olduqlarını söyləyib.
Yunanlarla II təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə baş tutacaq.
"Araz Naxçıvan" bu yay transfer bazarında böyük pullar xərcləyib, 6 yeni legioner alıb.
Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keyta ("Konyaspor", Türkiyə) düşərgəyə cəlb olunub.
SPORTİNFO.AZ