
"Transfer bazarı"nın ən aktiv klubu, şübhəsiz ki, "Araz Naxçıvan"dır.
Heyətin mütləq əksəriyyətini qoruyub-saxlayan Muxtar respublika təmsilçisi əlavə olaraq 6 yeni transferlə güclənə bilib.
Onların sonuncusu Hamidu Keytadır.
30 yaşlı yarımmüdafiəçi hamımıza yaxşı tanışdır.
2022-ci ilin yanvar ayında "Zirə"yə pənah gətirən vinger buradakı əla performansı ilə diqqət çəkincə 2023-cü ilin yayında "Qarabağ"a transfer olunmuşdu.
"Qartallar"ın formasında keçirdiyi 54 oyunda 15 qol, 22 məhsuldar ötürmə ilə yadda qalan futbolçu eyni keyfiyyəti Ağdam klubunda sərgiləyə bilmədi.
54 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda alan Keyta heç cür əsas fiqura çevrilməyi bacarmadı.
Nəticədə cəmi 1 mövsüm sonra "Köhlən atlar"ı Türkiyənin "Konyaspor" klubuna dəyişməli oldu.
Yaxşı sürəti, əla cinah keçidləri ilə hafizələrdə qalan legionerin buradakı karyerasından hər kəs halidir.
Bəs gözdən-könüldən uzaq düşdüyü son mövsümü necə keçirib?
Elə biz də kiçik araşdırma aparmaqla bu suala cavab tapmağa çalışdıq.
Formasını geyindiyi "Konyaspor" 36 turdan sonra 19 komanda arasında liqanı 11-ci sırada tamamlayıb.
Keyta bu görüşlərdən 18-də meydanda olub. Cəmi 1 qolla yadda qalmağı bacarıb.
Türkiyə kubokunda isə 5 görüşdə onun xidmətinə ehtiyac duyulub. Heç nə ilə yadda qalmamaqla burada da ümidləri puç edib.
23 görüşdən vur-tut 6-da start heyətində yer alıb.
Ümumilikdə 730 dəqiqə meydanda olub. Bu isə ortalama hər oyunda 31 dəqiqə deməkdir.
Rəqəmlər xoş nəsə demir.
Görünən odur ki, "Qarabağ"da olduğu kimi, "Konyaspor"da da işlər yolunda getməyib.
Keyta "Zirə"dəki günlərini bu dəfə "Araz-Naxçıvan"da axtaracaq.
Atalar üçdən deyib. Görəsən, onun üçüncü cəhdi uğur gətirəcəkmi?
Bunu isə təbii ki, zaman hər birimizə göstərəcək.
XANOĞLAN / SPORTİNFO.AZ