
Transfer bazarının ən fəal klubu olan “Araz-Naxçıvan” yay fasiləsində altı legionerlə güclənib.
Onlardan biri sol cinah müdafiəçisi Bruno Frankodur.
27 yaxşlı braziliyalı Sportinfo.az-a verdiyi müsahibədə bizi maraqlandıran sualları cavablandırıb.
- Yeni komanda, yeni ölkə ilə bağlı ilkin təəssüratların necədir?
- “Araz” peşəkar karyeramda yeni çağırışdır. Təxminən bir həftədir məşqlərdə iştirak edirəm. Bacardığımın 100 faizini verməyə çalışıram ki, oyunlara qədər hazır olum, komandama kömək edə bilim. Qısaca onu deyə bilərəm ki, burda olduğuma görə xoşbəxtəm.
- Daha öncə Braziliya və Bolqarıstan klublarında oynamısan. “Araz-Naxçıvan”ı digərlərindən fərqləndirən nədir? Nə kimi özəlliklər var?
- Fərqləndirən deməzdim. Ancaq buradakı qələbə əzmi və motivasiya çox xoşuma gəlir. Məşqlərdə ikitərəfli matç oynayırıq, heç kim uduzmaq istəmir. Sanki rəsmi matçdaymış kimi əzmkarlıq göstərirlər. İnanıram ki, əzmkarlıq və işgüzarlıq öz nəticəsini verəcək.
- Kollektivdə braziliyalı futbolçuların çoxluq təşkil etməsi uyğunlaşma prosesini tezləşdirir yəqin.
- Əlbəttə. Bu, mənim üçün çox böyük üstünlükdür. Gəldiyim gündən burda gördüyümüz atmosfer sayəsində özümü evdəki kimi hiss edirəm. Mənə isti münasibət göstərirlər, əllərindən gələn köməyi edirlər. Məhz bu amil işimə yarayacaq.
- “Araz”dakı həmyerlilərdən kim(lər)i daha öncə tanıyırdın?
- Düzünü desəm, heç birini. Hamısı ilə ilk dəfə görüşdüm, söhbət etdim.
- Konfrans Liqasında oynamağın üstünlüyü nədir sənin üçün?
- Tək Konfrans Liqasında yox, ümumiyyətlə, bütün böyük turnirlər futbolçular üçün motivasiyadır. Və hər bir futbolçu orada oynamağı arzulayır. Avropa arenalarında qazanaca\ın mümkün uğur həm çıxış etdiyin komandanın irəli getməsinə səbəb olacaq ki, burada bizim payımız olacaq. Digər tərəfdən, inamlı oynamaqla başqa klubların diqqətini çəkə bilərsən.
HƏBİB